Osmanlı İmperiyası üçün 19-cu əsrdə Mərkəzi Asiyadakı türk xanlıqları ilə mədəni və dini əlaqələr qurmaq xüsusi əhəmiyyət kəsb edirdi. Şimalda Rusiya Çarlığının güclənməsi və işğalçı siyasətləri Osmanlı İmperiyasını güc balansını təmin etmək üçün müttəfiqlər axtarmağa vadar edirdi. Ərazisi və iqtisadiyyatı etibarilə digər türk dövlətlərindən kəskin şəkildə fərqləndiyindən, bu məqsədi həyata keçirmək gücünü özündə görürdü.
İndiki Özbəkistan, Türkmənistan və qismən də Qazaxıstan ərazisində mövcud olan Xivə, Kokand və Buxara xanlıqları ilə Osmanlı İmperiyasının yüksək səviyyəli əlaqələrə malik olması Rusiya Çarlığının işğalçı siyasətini dayandıra bilərdi. Məhz bu məqsədlə, xüsusilə mədəni və dini əlaqələrin inkişafına Osmanlı sultanları xüsusi diqqət göstərirdilər. Bunun əsas səbəbi isə Osmanlı sultanının eyni zamanda xəlifə titulunu daşıması idi. Hətta Osmanlı İmperiyası bu addımları “İslam Birliyi siyasəti” adı altında həyata keçirir, Mərkəzi Asiyadakı türk və müsəlman xanlıqlarına din adamları və mədrəsə müəllimləri göndərir, orada səfirliklər açırdı.
Lakin Osmanlı İmperiyasının İslam Birliyi siyasəti rusları narahat etdiyi kimi, əhalisinin önəmli bir hissəsi müsəlman olan Hindistanı əlində saxlayan Böyük Britaniya İmperiyasını da narahat edirdi. Krım müharibəsində Osmanlı İmperiyasını dəstəkləyən Böyük Britaniya İmperiyası ilə İslam Birliyi siyasəti nəticəsində əlaqələrin pisləşməsi yalnız Rusiya Çarlığını daha da gücləndirəcəyindən, Osmanlı İmperiyası Mərkəzi Asiyadakı dövlətlərə yetərincə dəstək göndərə bilmirdi. Nəticədə, 1860-cı ildən 1884-cü ilə qədər olan müddət ərzində Rusiya Çarlığı Böyük Britaniya İmperiyası ilə Osmanlı İmperiyası arasında yaranan məsafədən və iqtisadi problemlərdən istifadə edərək Mərkəzi Asiyadakı türk və müsəlman dövlətlərini mərhələli şəkildə işğal etmişdi.
Buna baxmayaraq, II Əbdülhəmid kimi Osmanlı sultanları işğal olunsalar belə, Mərkəzi Asiya xalqları ilə əlaqələri mədəni və dini sahələrdə davam etdirməyə çalışırdılar. Bu əlaqələr Birinci Dünya Müharibəsindən, Osmanlı İmperiyasının süqutundan və Türkiyə Respublikasının yaranmasından sonra da eyni şəkildə davam etmişdir. Xalqlar arasındakı oxşar mədəni xüsusiyyətlər Sovet dövrünün sərt qaydalarının hökm sürdüyü şəraitdə belə, fürsət yarandıqca Türkiyə Respublikası tərəfindən dövlət səviyyəsində önə çıxarılmağa çalışılmışdır.
Türkiyə və Özbəkistan arasında əlaqələrin sürətlə güclənməsi isə Sovet İttifaqının dağılması nəticəsində Özbəkistanın 31 avqust 1991-ci ildə müstəqilliyini elan etməsi ilə mümkün olmuşdur. Xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Türkiyə ilə Özbəkistan arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəniyyət sahəsində qarşılıqlı maraqlar güclənmişdir.
Bu gün də Türkiyə və Özbəkistan arasında ticarət əlaqələri sürətlə inkişaf edir. İki ölkə arasında birgə təhsil proqramları, tələbə mübadiləsi və mədəni festivallar da genişlənir. Beləliklə, tarixi köklərə söykənən bu əlaqələr müasir siyasətdə də strateji əhəmiyyət kəsb edir.
Türkiyə və Özbəkistan arasında bir sıra önəmli layihələr mövcuddur. Bunlardan birincisi iqtisadi layihələrdir:
1. Sənaye və tekstil sahəsi: Türkiyənin bir çox geyim şirkətləri fabriklərini Özbəkistanda açmışdır.
2. İnfrastruktur sahəsi: Türkiyə şirkətləri Özbəkistanın bir neçə şəhərində tikinti işləri aparır. Rönesans Holding buna misal ola bilər.
3. Energetika sahəsi: Özbəkistanın termik elektrik stansiyası layihələrində Türkiyənin Çalık Enerji şirkəti də yer alır.
4. Ticarət sahəsi: Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi 2025-ci ildə 3 milyard ABŞ dollarına çatmışdır və 2026-cı ilə qədər 5 milyarda çatdırılması hədəflənir.
İkincisi isə mədəniyyət və təhsil layihələridir:
2009-cu ildə Türkiyə Respublikası tərəfindən yaradılan və türk mədəniyyətini və sənətini dünyada tanıtmaq məqsədi daşıyan Yunus Emre İnstitutu Özbəkistanda fəaliyyət göstərir. Xüsusilə, Özbəkistandakı tələbələrə YTB-nin (Yurtdışı Türkler və Akraba Topluluklar Başkanlığı) verdiyi təqaüdlər və dəstəklər sayəsində Türkiyədə təhsil alma imkanı yaradılır. Dövlət universitetlərinə nəzər salsaq, bu proqramın fəal şəkildə tətbiq edildiyini görə bilərik.
Nəticədə, mövcud inkişaf dinamikası nəzərə alındıqda, Türkiyə ilə Özbəkistan arasındakı iqtisadi və mədəni əlaqələrin gələcəkdə də artaraq davam edəcəyini gözləmək mümkündür.
Nicat Mədətli (Nejat Madatoğlu)


.png)





