Çin Sədri Si Cinpin 7 illik fasilədən sonra Şimali Koreyaya səfər etməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev EDnews-a açıqlamasında qeyd edib ki, Koreya müharibəsindən sonra Şimali Koreya faktiki olaraq SSRİ-nin nəzarəti altında olub:

"Bu dövrdə Şimali Koreya ilə Çin arasındakı münasibətlər kifayət qədər gərgin idi. Əslində, Pxenyandakı rejim Moskvanın nəzarəti altında fəaliyyət göstərirdi. SSRİ dağıldıqdan sonra isə Rusiya Şimali Koreya üzərində kuratorluğu öz üzərinə götürdü. Şimali Koreya üzərində Rusiyanın dominantlığı qorunub saxlanılırdı. Çin bu ölkəyə nüfuz etməyə çalışsa da, uzun müddət buna nail ola bilmirdi. Hazırda isə Rusiyanın beynəlxalq mövqeləri kifayət qədər zəifləyib. Rusiya-Ukrayna müharibəsindən sonra Moskva beynəlxalq siyasətdə bir sıra mövqelərini itirməkdədir".
Politoloqun sözlərinə görə, Avropa ölkələrində Rusiyaya bağlı siyasətçilərin seçkilərdə məğlubiyyətə uğradığı görünür:
"Rusiyanın təsiri altında olan bəzi ölkələrdə hakimiyyət dəyişikliyi proseslərinə şahidlik edirik. Buna misal olaraq, Ermənistanda keçirilən son seçkiləri göstərmək olar. Faktiki olaraq, Rusiyanın dəstəklədiyi müxalifət Qərbin dəstəklədiyi Nikol Paşinyan qarşısında məğlub oldu. Halbuki Rusiya bu prosesə kifayət qədər maddi resurslar səfərbər etmişdi. Moskvanın ən ciddi fiqurlarından sayılan Samvel Karapetyan və Qagik Tsarukyan prosesdə aktiv rol oynayırdılar. Köçəryan tərəfdarlarının da ciddi dəstəyinə baxmayaraq, nəticə dəyişmədi və onlar məğlub oldular. Hazırda Çin bu vəziyyətdən istifadə edərək Şimali Koreyada öz mövqelərini gücləndirməyə çalışır. Pekin maksimum şəkildə çalışır ki, Şimali Koreyada dominantlığını möhkəmləndirsin. Şimali Koreyanın Çinin nəzarəti altına keçməsi üçün Pekində xüsusi proqram həyata keçirilir. Çin bundan sonra da Şimali Koreyaya dəstəyini artıracaq və bu ölkə üzərində təsir imkanlarını genişləndirməyə çalışacaq. Qarşıdakı dövrdə Çinlə Şimali Koreya arasındakı əlaqələrin daha da möhkəmlənməsinin şahidi olacağıq".
Aytac Kərimova | EDnews
.png)






.png)