ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bildirib ki, Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə sanksiyaların yüngülləşdirilməsindən yararlana bilməyəcək.
EDnews xəbər verir ki, Tramp qeyd edib ki, sanksiyaların ləğvi və ya yumşaldılması İranın gələcək addımlarından asılı olacaq.
“Bu, əslində davranış məsələsidir. Əgər onlar etməli olduqlarını etsələr, bu proses qüvvəyə minməyə başlayacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Məlumata görə, Donald Tramp hazırda Fransa Prezidenti Emmanuel Makronla birlikdə çıxış edir və tərəflər İran ətrafında yaranmış vəziyyət, eləcə də nüvə proqramı ilə bağlı məsələləri müzakirə edirlər.
Trampın açıqlaması Vaşinqtonun Tehrana qarşı sanksiyalar siyasətinin İranın atacağı addımlardan asılı olaraq formalaşacağını göstərir.







