Böyük Britaniyada 16 yaşdan kiçik uşaqların əsas sosial media platformalarından istifadəsinə qadağa qoyulacaq.
EDnews xəbər verir ki, "Sky News"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında açıqlama verib.
Starmer bildirib ki, hökumət uşaqların təhlükəsizliyi ilə bağlı daha sərt addımlar atmaq niyyətindədir.
“Hökumət həmişə seçimlərlə bağlıdır və mənə aydındır ki, tam qadağa düzgün seçimdir”, - deyə Baş nazir qeyd edib.
Starmer sosial medianın uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini, onların təhlükəli məzmunla üzləşməsinə, həmçinin təcavüz və istismar risklərinin artmasına səbəb olduğunu vurğulayıb.
O bildirib ki, hökumət uşaqların təhlükəsizliyi və rifahı məsələsində güzəştə getməyəcək.
“Uşaqlarımızın təhlükəsizliyi və xoşbəxtliyi ilə bağlı güzəştə getməyə hazır deyiləm. Buna görə də bu qadağa tətbiq olunmalıdır və tətbiq olunacaq”, - deyə Starmer bildirib.
Baş nazir əlavə edib ki, ümumi qadağanın əhatə etmədiyi oyun platformaları kimi rəqəmsal məhsullar da uşaqların yad şəxslərlə ünsiyyət qurmasının qarşısını almalıdır.
Starmerin sözlərinə görə, bəzi uşaqların qadağanı aşmağa çalışması bu qərardan imtina etmək üçün əsas ola bilməz.
“Bu, uşaqlarımızı daha xoşbəxt edəcək. Biz onlara daha çox vaxt, daha çox təhlükəsizlik, böyümək üçün daha çox azadlıq və daha çox imkan verəcəyik. Günün sonunda bu hökumətin məqsədi də budur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqların zərərli onlayn platformalara çıxışının məhdudlaşdırılması ilə bağlı mövqeyini daha əvvəl də açıqlayıb. İyunun 8-də “The Times” qəzeti Starmerin 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” onlayn platformalara qadağa qoymaq niyyətində olduğunu yazıb.
Aytac Kərimova | EDnews







