İyunun 15-nə keçən gecə Rusiya təkcə Kiyevə 60-dan çox raket atıb.
EDnews xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna şəhərlərinə genişmiqyaslı hücumunun nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə gecə Ukrayna ərazisinə 70 raket və 611 PUA buraxılıb. Son məlumata əsasən paytaxta endirilən zərbələr nəticəsində 28 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.
Zelenski həmçinin bildirib ki, Rusiyanın Kiyev-Peçersk Lavrasına zərbəsi nəticəsində tarixi XI əsrə gedib çıxan Uspenski soborunda yanğın baş verib.
“Bu, Rusiya tərəfindən xristian mədəniyyətinə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Rusiya qüvvələrinin Xarkova endirdiyi zərbələr nəticəsində isə 5 yanğın söndürən əməkdaşı həlak olub. Kiyev, Dnepr, Donetsk, Zaporojye, Sumı və Nikolayev vilayətləri də hücumlara məruz qalıb”, — deyə Ukrayna Prezidenti bildirib.
Zelenski vurğulayıb ki, Rusiya bu cür addımlarla dünyaya müharibəni davam etdirmək niyyətini göstərir. O, sammitə toplaşan “Böyük yeddilik” ölkələrini qətiyyətli və məzmunlu cavab verməyə çağırıb.
“Rusiyaya daha çox təzyiq, Ukraynaya hava hücumundan müdafiə sahəsində, xüsusilə də ballistik raketlərə qarşı müdafiə üzrə daha çox yardım göstərilsin”, — deyə Zelenski bildirib.
Aysel Hacıyeva | EDnews

.jpg)




.jpg)








