Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında sülh sazişinin imzalanacağını bildirib.
EDnews xəbər verir ki, Şahbaz Şərif bu barədə bazar ertəsi Milli Assambleyada çıxışı zamanı danışıb.
“Dinc günəş müharibədən sonra doğdu. Nəhayət, bu cümə Cenevrədə sülh sazişinin imzalanmasının şahidi olacağıq”, - deyə Pakistanın Baş naziri qeyd edib.
Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampı, İranın Ali Rəhbəri Müctəba Xamenei və Prezident Məsud Pezeşkianı əldə olunan razılaşma münasibətilə bir daha təbrik edib.
Pakistan hökumətindəki mənbələr "Anadolu" agentliyinə bildiriblər ki, Şərif İslamabad nümayəndə heyətinə rəhbərlik edərək Cenevrədə keçiriləcək imzalanma mərasimində iştirak edəcək.
Baş nazir daha əvvəl ABŞ və İranın intensiv danışıqlardan sonra razılaşma əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, razılaşma bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılmasını nəzərdə tutur. Daha sonra həm Vaşinqton, həm də Tehran bu məlumatı təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp isə sazişin yekunlaşdırıldığını, Hörmüz boğazının yenidən açılacağını və ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının götürülməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Pakistan aprelin 8-də atəşkəsin əldə olunmasından sonra ABŞ və İran arasında vasitəçilik edir. Bundan bir neçə həftə əvvəl isə ABŞ və İsrailin fevralın 28-də İrana hücum etdiyi bildirilib.
Aytac Kərimova |EDnews







