Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Ermənistanın Dilican şəhərində keçirilən görüş Azərbaycan-Ermənistan normallaşma prosesinin mühüm mərhələyə daxil olduğunu göstərir.
Bunu EDnews-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, görüşün əsas əhəmiyyəti tərəflərin birbaşa dialoq mexanizmini qoruyub saxlaması və regional gündəliyə daxil olan məsələləri vasitəçilərsiz, ikitərəfli formatda müzakirə etməsidir.
Politoloq bildirib ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə formalaşan ikitərəfli dialoq platforması sülh gündəliyinə və regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir:
“Bu görüş onu göstərir ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesinin davam etdirilməsində maraqlıdırlar. Məhz sülh gündəliyinə daxil olan məsələlərin heç bir vasitəçi olmadan ikitərəfli formatda müzakirə olunması etimad quruculuğu baxımından olduqca vacibdir”.
Aytən Qurbanova qeyd edib ki, Azərbaycanın bu istiqamətdə mövqeyi aydındır və dəyişməz olaraq qalır. Onun sözlərinə görə, davamlı sülhün təmin edilməsi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin irəliləməsi, eləcə də kommunikasiyaların açılması Azərbaycanın sülh gündəliyində əsas prioritetlərdəndir.
Politoloq vurğulayıb ki, son illər əldə olunan nəticələr birbaşa təmasların həm etimadın formalaşmasına, həm də praktiki nəticələrin əldə edilməsinə xidmət etdiyini göstərir.
“Son dövrlərdə əldə olunan nailiyyətlər, xüsusilə 8 avqustda Vaşinqtonda keçirilən görüş və 17 bənddən ibarət sülh müqaviləsinin paraflanması onu deməyə əsas verir ki, sülh prosesi üzrə kifayət qədər mühüm yol qət edilib. Hazırkı mərhələdə Azərbaycan üçün prinsipial məsələlərdən biri Ermənistanın hüquqi və siyasi öhdəliklərini yerinə yetirməsidir”, – deyə o bildirib.
Aytən Qurbanova əlavə edib ki, burada əsas məsələ Ermənistan Konstitusiyasında və digər normativ sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının birmənalı şəkildə aradan qaldırılmasıdır.
Onun fikrincə, uzunmüddətli və dayanıqlı sülh üçün hüquqi bazanın tam şəkildə formalaşdırılması vacibdir:
“Davamlı sülh üçün yalnız siyasi bəyanatlar kifayət deyil. Hüquqi müstəvidə də bütün maneələr aradan qaldırılmalıdır. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan və Ermənistanı real sülhə daha da yaxınlaşdıra bilər. Əks halda gələcək nəsillərə süni şəkildə yaradıla biləcək yeni münaqişə riskləri miras qala bilər və bu ehtimal Azərbaycan tərəfindən qəbul edilə bilməz”.
Politoloq əlavə edib ki, bu baxımdan Dilicandakı görüş sadəcə növbəti diplomatik təmas deyil. Bu, eyni zamanda sülh prosesinin dinamikasının qorunmasına xidmət edən mühüm siyasi addımlardan biridir.
O əlavə edib ki, Ermənistan konstruktiv mövqeyini davam etdirərsə və üzərinə götürdüyü siyasi-hüquqi öhdəlikləri yerinə yetirməkdə qətiyyət nümayiş etdirərsə, Azərbaycan və Ermənistan, ümumilikdə isə Cənubi Qafqaz tarixdə ilk dəfə real sülhə bu qədər yaxın ola bilər.
“Ermənistan konstruktiv yanaşmanı davam etdirərsə, sülh prosesinin uğurla yekunlaşması qarşısında ciddi maneə qalmayacaq. Bu isə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər”, – deyə politoloq yekunlaşdırıb.
Aysel Hacıyeva | EDnews







