“Bu gün bizim məclislərimizdə, toylarımızda “Vağzalı”nın əvvəlki qədər işlənməməsi böyük faciədir”.
Xalq artisti Brilliant Dadaşova bunu EDnews-a müsahibəsində bildirib.
“Vağzalı” bizim toy himnimizdir. Necə ki, Avropada insanlar “Mendelson marşı” ilə ailə qururlar, bizim üçün də “Vağzalı” toy mədəniyyətimizin, ailə dəyərlərimiz üzərində qurulan mədəniyyətimizin simvoludur. Bu musiqi yüz illərdir bizə məxsusdur. Amma təəssüf ki, bu gün “Vağzalı”dan az istifadə olunması başqalarına imkan verir ki, bundan istifadə etsinlər. Bu kimi məsələlərdə mütləq hansısa qurumun müdaxiləsi olmalıdır. Bu, Mədəniyyət Nazirliyi ola bilər, musiqi qurumları ola bilər, müvafiq şuralar ola bilər. Mən dəfələrlə demişəm ki, Mədəniyyət Nazirliyi musiqiyə birbaşa müdaxilə edə bilməz, çünki onun daha çox məşğul olduğu sahələr milli sərvətlərimiz - heykəltəraşlıq, abidələr, xalçaçılıq və digər istiqamətlərdir. Amma “Vağzalı” kimi milli musiqi nümunələrimizin qorunması məsələsində mütləq şəkildə müdaxilə olmalıdır”, - deyə o əlavə edib.







