Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edib.
EDnews xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Müsabiqənin əsas məqsədi ağıllı və dayanıqlı şəhər inkişafına şərait yaratmaq, eləcə də qabaqcıl texnoloji ideyaları üzə çıxarmaqdır.
Təşəbbüs enerji, ekologiya, su ehtiyatları, infrastruktur və şəhər sistemləri kimi sahələri əhatə edir. İştirakçılara texnologiyaya əsaslanan həll konsepsiyaları hazırlamaq və 6 həftəlik proqram çərçivəsində mentorlarla işləmək imkanı yaradılır.
Seçim mərhələsindən sonra komandalar layihələrini “Demo Day” tədbirində təqdim edəcəklər.
Müsabiqədə tələbələr, gənc mütəxəssislər, tədqiqatçılar, startap və innovasiya komandaları iştirak edə bilər.
Müraciət etmək istəyənlər xüsusi ərizə formasını doldurmalıdırlar. Müraciətlərin qəbulu 26 iyun 2026-cı il tarixində başa çatacaq.







