Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, zərurət yaranacağı təqdirdə Moskva Belarusun təhlükəsizliyinin təmin edilməsi üçün İttifaq Dövləti çərçivəsində nəzərdə tutulan bütün tədbirləri görməyə hazırdır.
EDnews xəbər verir ki, Sergey Lavrov bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında keçirilən səfirlərin "dəyirmi masa"sında çıxışı zamanı danışıb.
Nazir bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusun Rusiyaya texniki dəstək göstərməsini tənqid etməsi və Belarus hərbi texnikasının sərhəddən geri çəkilməsi ilə bağlı çağırışına cavab olaraq verib.
"Zərurət yaranarsa, müttəfiqimizin təhlükəsizliyini və əlbəttə ki, İttifaq Dövlətinin təhlükəsizliyini təmin etmək üçün müqavilədə nəzərdə tutulan bütün tədbirlər kompleksini həyata keçirməyə hazırıq", - deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya və Belarus arasında İttifaq Dövləti çərçivəsində təhlükəsizlik təminatları haqqında saziş 2025-ci ilin mart ayında qüvvəyə minib. Sənədin 6-cı maddəsinə əsasən, tərəflərdən birinə qarşı nüvə və ya digər kütləvi qırğın silahlarından istifadə edildiyi, həmçinin adi silahlarla suverenlik və ya ərazi bütövlüyünə ciddi təhdid yaradan hücum baş verdiyi halda Rusiya nüvə silahından istifadə edə bilər.






