Milli Məclisin sədri Sahibə Qafarova iyunun 23-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey ilə görüşüb.
EDnews xəbər verir ki, görüşdə Azərbaycan və Niger arasında, eləcə də iki ölkənin parlamentləri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qanunverici orqanların beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı qeyd olunub. Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı kimi platformalarda qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Şəbəkə ötən beş il ərzində həm institusional inkişaf, həm də beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından mühüm irəliləyiş əldə edib.
Mamoudu Haruna Cinqarey göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycanın inkişafı və Bakı şəhəri barədə müsbət təəssüratlarını bölüşüb. O, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, Nigerin Azərbaycan və Milli Məclislə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
Qonaq, həmçinin ölkəsinin enerji resurslarından səmərəli istifadə və digər sahələrdə Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirib. O, Nigerin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətində bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
.jpeg)

.jpeg)


.jpg)







