ABŞ Prezidenti Donald Tramp İranın uzunmüddətli perspektivdə ən yüksək səviyyəli nüvə yoxlamalarına razılıq verdiyini açıqlayıb.
EDnews xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"İran qarşıdakı uzun illər üçün (əbədi olaraq!) ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və qəti şəkildə razılıq verib. Bu yoxlamalar "nüvə dürüstlüyünü" təmin edəcək. Əgər onlar buna razılaşmasaydılar, heç bir əlavə danışıq baş tutmazdı", - deyə ABŞ prezidenti bildirib.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai daha əvvəl Tehranın İsveçrənin Bürgenştok şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə nüvə obyektlərində yeni yoxlamaların keçirilməsini müzakirə etmədiyini açıqlamışdı.
Beləliklə, Vaşinqton və Tehranın bu məsələ ilə bağlı mövqelərində müəyyən fikir ayrılığının olduğu müşahidə edilir.






