ABŞ Silahlı Qüvvələrinin bir sıra perspektivli hərbi proqramları milyardlarla dollar xərclənməsinə baxmayaraq uğursuzluqla nəticələnib.
EDnews xəbər verir ki, bu barədə ABŞ Hesablama Palatasının (GAO) 2026-cı ilin iyununda dərc etdiyi hesabatda qeyd olunub.
Sənəddə bildirilir ki, 1990-cı ildən bəri həyata keçirilən bir sıra bahalı silah proqramları ordunun istifadəsinə hazır məhsul təqdim edə bilməyib. Uğursuz layihələrdən biri "gələcəyin əsgəri" konsepsiyası çərçivəsində hazırlanmış IVAS (Integrated Visual Augmentation System) artırılmış reallıq eynəkləri olub.
2018-ci ildə "Microsoft" şirkəti bu sistemin prototipinin hazırlanması üçün 480 milyon dollarlıq müqavilə əldə etmişdi. Layihə çərçivəsində 120 min hərbçinin bu avadanlıqla təchiz olunması planlaşdırılırdı. Lakin sınaqlar zamanı əsgərlər başgicəllənmə və ürəkbulanmasından şikayət ediblər. Nəticədə proqramın mövcud versiyasının hərbçilərin tələblərinə cavab vermədiyi müəyyənləşdirilib.
Hesabatda, həmçinin, GPS yerüstü idarəetmə sistemi OSX proqramının 13 ildən artıq davam edən inkişaf prosesindən sonra dayandırıldığı bildirilib. Bu layihəyə 7 milyard dollardan çox vəsait xərclənib.
Bundan əlavə, "Ticonderoga" tipli raket kreyserlərinin modernləşdirilməsi proqramı, beşinci nəsil F-35 qırıcılarının hazırlanması və LGM-35A Sentinel qitələrarası ballistik raket layihəsində də ciddi büdcə artımları qeydə alınıb.
Ekspertlər hesab edirlər ki, uğursuz layihələrə baxmayaraq, əldə olunan texnoloji təcrübə gələcək proqramların hazırlanmasına töhfə verir.
Məlumata görə, 2025-ci ildə ABŞ müdafiə naziri Pit Heqset Silahlı Qüvvələrin transformasiyası çərçivəsində bir sıra perspektivli proqramların, o cümlədən RCV robot kompleksinin, M10 Booker yüngül tankının və digər zirehli texnika layihələrinin dayandırılması barədə qərar qəbul edib.
Bundan başqa, Almaniya və Fransanın da Future Combat Air System (FCAS) adlı perspektivli Avropa qırıcısı layihəsini dayandırmaq qərarına gəldiyi bildirilir.






