İspaniya futbolunda uzun müddətdir davam edən hüquqi mübahisə “Real Madrid” klubunun xeyrinə yekunlaşıb.
EDnews xəbər verir ki, İspaniya Ali Məhkəməsi “La Liqa” rəhbərliyinin son apellyasiya şikayətini rədd edərək paytaxt klubunun iddialarını əsaslı hesab edib və mübahisəli iş üzrə prosesi bağlayıb.
Məlumata görə, məhkəmə çəkişməsi 2022-ci ildə “La Liqa” rəhbərliyinin televiziya yayım hüquqlarının idarə olunması və gəlirlərin bölüşdürülməsi ilə bağlı nizamnamədə etdiyi dəyişikliklərlə bağlı olub. “Real Madrid” klubunun həmin qərarlara qarşı çıxması ilə başlayan proses bir neçə instansiyada davam edib.
İspaniya məhkəmələri ardıcıl olaraq klubun xeyrinə qərar çıxarıb və son olaraq Ali Məhkəmə “La Liqa”nın mübahisəli nizamnamə bəndini hüquqi qüvvədən düşmüş elan edib.
Qərara əsasən, gəlirlərin bölüşdürülməsi üzrə əvvəlki hüquqi modelin bərpası nəzərdə tutulur. Bunun nəticəsində “Real Madrid”ə və digər zərərçəkən klublara kompensasiyaların ödənilməsi mümkün olacaq.
Məlumata görə, “Real Madrid”ə təxminən 8,8 milyon avro, aşağı divizion klublarına isə ümumilikdə 88 milyon avro məbləğində vəsaitin qaytarılması məsələsi gündəmə gəlib.
Qeyd edək ki, bu qərarın İspaniya futbolunun idarəçilik modeli və gəlirlərin bölüşdürülməsi sisteminə təsir göstərəcəyi bildirilir.







