Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir.
EDnews "Report"a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması daha erkən də baş verə bilər və bu istiqamətdə İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir.
“Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla — Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq”, - deyə Kostanyan bildirib.
Nazir müavini qeyd edib ki, Ermənistan ABŞ tərəfdaşları ilə birlikdə “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün hüquqi hazırlıqları tamamlayır. Onun sözlərinə görə, layihə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirə və Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirə bilər.
Kostanyan əlavə edib ki, layihənin ilkin mərhələsi əsasən dəmir yolu komponentinə fokuslanır və bununla bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır.
O, həmçinin Ermənistanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi, yeni sərhəd-keçid məntəqələrinin yaradılması və avtomobil yollarının inkişafı istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini bildirib.
Nazir müavini vurğulayıb ki, Orta Dəhlizdə artan logistika əhəmiyyəti region ölkələri üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan yükləri üçün dəmir yolu əlaqəsini açmağa hazır olması və Türkiyədən tranzitlə bağlı gələn siqnallar bu prosesə müsbət təsir göstərə bilər.
Kostanyan bildirib ki, nəqliyyat əlaqələrinin inkişafı yalnız iqtisadi artıma deyil, həm də regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.







