BRICS ölkələri beynəlxalq münasibətlərin ədalətli arxitekturasının formalaşdırılmasında əsas rol oynamalıdır.
EDnews xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BRICS-in təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrinin görüşündə çıxışı zamanı deyib.
Şoyqu bildirib ki, hazırkı beynəlxalq şəraitdə BRICS ölkələrinin təhlükəsizliyi davamlı təhdid altındadır və bu səbəbdən beynəlxalq hüquq sisteminin "qaydalara əsaslanan nizam"la əvəzlənməsinin qarşısının alınması vacibdir.
"Bugünkü beynəlxalq mühitdə BRICS ölkələrinin təhlükəsizliyi daimi təhlükə altındadır. Mövcud şəraitdə beynəlxalq hüquq sisteminin "qaydalara əsaslanan nizam"la əvəz olunmasına imkan verməmək zəruridir", - deyə o vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, BMT başda olmaqla beynəlxalq təşkilatların mərkəzi əlaqələndirici rolu faktiki olaraq minimuma enib. O iddia edib ki, ayrı-ayrı dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini mütəmadi olaraq pozur və ya onlara məhəl qoymur.
Şoyqu, həmçinin Ümumdünya Ticarət Təşkilatının beynəlxalq ticarət iştirakçılarının maraqlarını qoruya bilmədiyini bildirib. O, koronavirus pandemiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatının yalnız "müəyyən" ölkələrin vaksinlərini operativ şəkildə qeydiyyata aldığını, Ümumdünya Ərzaq Proqramının fəaliyyətinin isə qərəzli olduğunu iddia edib.






