Polşalı aktivist Monika Silva Koniuşek Ekvadordakı evində ölü tapılıb.
EDnews xarici mediaya istinadən xəbər verir ki, ilkin mərhələdə hadisə intihar kimi qiymətləndirilsə də, aparılan ekspertiza qətl ehtimalını gücləndirib.
41 yaşlı iki uşaq anası Monika Silva Koniuşek iyunun 8-də Ekvadorun Santa Elena əyalətinin Montanyita qəsəbəsindəki evində ölü vəziyyətdə aşkarlanıb.
Ekvadorun daxili işlər naziri Con Reimberq hadisədən sonra ölümün intihar ola biləcəyini bildirsə də, Quayakildə aparılan rəsmi məhkəmə-tibbi ekspertizası bu versiyanı şübhə altına alıb.
Ekspertiza rəyinə əsasən, Koniuşekin ölümünə baş nahiyəsinə aldığı zərbə və boğulma səbəb olub. Ekvador Qadınlara Dəstək və Fəaliyyət Mərkəzinin direktoru, vəkil Lita Martines bildirib ki, əldə olunan nəticələr zorakılıq nəticəsində baş vermiş ölümü göstərir və intihar ehtimalını böyük ölçüdə istisna edir.
Məlumata görə, Koniuşek son illərdə ətraf mühit cinayətləri, torpaq zəbt olunması və korrupsiya ilə bağlı araşdırmalar aparırdı. Ölümündən əvvəl isə Ekvador Prezidenti Daniel Noboanın ailəsinə məxsus "Noboa Trading" şirkəti ilə bağlı narkotik qaçaqmalçılığı və korrupsiya iddialarını araşdırdığı bildirilir.
Aktivistin yaxınları onun ölümündən əvvəl sözügedən araşdırma materiallarını ABŞ-nin Ekvadordakı diplomatik nümayəndələrinə təqdim etdiyini iddia edirlər.
Koniuşekin dostları onun uzun müddətdir təhdidlər aldığını və izlənildiyini dediyini bildiriblər. Polşalı dostu Yoanna Kuferin sözlərinə görə, aktivist dəfələrlə "Məni izləyirlər" və "Kartellər mənim başıma mükafat qoyublar" ifadələrini işlədib.
Hadisə Polşada da ciddi rezonans doğurub. Polşa prokurorluğu Ekvador hakimiyyət orqanlarına hüquqi yardım müraciəti göndərərək, hadisənin müstəqil, operativ və şəffaf araşdırılmasını tələb edib.
Monika Silva Koniuşekin ölümü Ekvadorda jurnalistlərin, fəalların və korrupsiya araşdırmaları aparan şəxslərin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.






