Hörmüz boğazından kommersiya gəmilərinin hərəkəti son həftələrdə kəskin artım göstərib və müharibədən əvvəlki səviyyənin 20 faizindən yuxarı qalxıb.
EDnews xəbər verir ki, bu barədə beynəlxalq dəniz nəqliyyatı üzrə müşahidə məlumatlarında qeyd olunub.
Məlumata əsasən, ABŞ-İran arasında imzalanmış 14 bəndlik memorandumdan sonra strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılması və gəmilərin sərbəst hərəkəti istiqamətində müsbət dinamika müşahidə edilir. Nəticədə son 5 gün ərzində ümumilikdə 144 gəmi bu su yolundan keçib.
Bildirilib ki, İran nefti daşıyan tanker gəmiləri xüsusilə diqqət çəkib. Belə ki, bazar ertəsi günü ən azı 4 supertanker Hörmüz boğazından keçərək ümumilikdə 7 milyon barrelə yaxın xam neft daşıyıb.
Ekspertlər hesab edirlər ki, bu dinamika regionda enerji logistikası və qlobal ticarət axınlarına ciddi təsir göstərə bilər.







