Rusiyada aviareyslərin kütləvi gecikməsi hava limanlarında xaosa səbəb olub.
EDnews xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər terminallardan foto və videolar paylaşaraq saatlarla reysləri barədə məlumat gözlədiklərini bildirirlər.
İyunun 17-də Moskvaya istiqamət alan reyslərdən biri məcburi şəkildə Yaroslavlda eniş edib. İlkin məlumata görə, təyyarənin Rusiya paytaxtına çatması üçün yanacağı kifayət etməyib.
Sərnişinlərin sözlərinə görə, məcburi enişdən sonra yüzlərlə insan bir neçə saat kiçik hava limanında qalmalı olub. Onlar bildiriblər ki, terminalda gözləmə üçün oturacaq yerləri çatışmayıb, sərnişinlərə su və qida verilməyib.
Bundan başqa, sərnişinlər hava limanı nümayəndələrinin onların qarşısına çıxmadığını və rəsmi izahat verilmədiyini deyiblər.
Oxşar vəziyyət Rusiyanın digər hava limanlarında da müşahidə olunur. Xüsusilə Soçidə sosial şəbəkələrdə yayılan məlumatlara görə, reyslərin gecikməsi və ləğvi səbəbindən 100-dən çox təyyarə yubanıb. Sərnişinlər bildirirlər ki, mehmanxanalarda hamı üçün yer olmadığından bəzi insanlar gecəni birbaşa hava limanında keçirməli olublar.
Aysel Hacıyeva | EDnews






