ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton İsrailin Baş naziri Benyamin Netanyahunun İran məsələsinə xüsusi diqqət ayırdığını və Vaşinqtonu Tehrana qarşı hərbi addıma sövq etməyə çalışdığını bildirib.
EDnews xəbər verir ki, Klinton bu barədə “Forbes” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Netanyahu və o dövrdə İsrailin müdafiə naziri olan Ehud Barak Barak Obama administrasiyasına “davamlı və sərt təzyiq” göstərərək İrana qarşı qabaqlayıcı zərbə üçün ABŞ dəstəyini təmin etməyə çalışıblar.
Klinton bildirib ki, 2009-cu ildə Netanyahu ilə ilk rəsmi görüşü əsasən iki məsələ üzərində qurulmuşdu: Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması və İranın neytrallaşdırılması.
Keçmiş dövlət katibi qeyd edib ki, İsrail rəsmiləri Vaşinqtona təzyiq göstərmək üçün “təyyarələr uçuş zolağındadır” taktikasından istifadə ediblər. Bu yanaşma ilə İsrail Hərbi Hava Qüvvələrinin yaxın zamanda hücuma hazır olduğu görüntüsü yaradılırdı.
Klinton ABŞ-dən böyük dəstək alan müttəfiqin ona təsir göstərməyə çalışıb-çalışmadığı barədə suala cavabında bunun “hər zaman baş verdiyini” deyib. O, bu davranışı Netanyahunun İran məsələsinə davamlı bağlılığı ilə əlaqələndirib.
Onun sözlərinə görə, həmin dövrdə ABŞ və İsrailin yanaşmaları arasında ciddi fərqlər olub. İsrail İranla bağlı sürətli hərbi variantı ön plana çıxarırdı, Vaşinqton isə iqtisadi sanksiyalar və diplomatik danışıqlar yoluna üstünlük verirdi.







