Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh ilə görüşüb.
EDnews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş sammitin ikitərəfli və regional əlaqələr baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmalar Azərbaycan və ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan–ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.
Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən ikitərəfli əməkdaşlıqda mövcud məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyi qeyd edilib. Bu çərçivədə ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı bildirilib.
Qeyd olunub ki, sözügedən düzəliş təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə maneə yaradan köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlarla uzlaşmır.
Nazir Azərbaycanın uzun illərdir Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. O, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr barədə də məlumat verib və bu istiqamətdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti də qeyd olunub. C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.









