Avropa Komissiyasının Ermənistana “təcili” ticarət dəstəyi regionda yeni geosiyasi müzakirələr yaradıb.
Politoloq Rəşad Bayramov EDnews-a açıqlamasında bu təşəbbüsün yalnız iqtisadi deyil, həm də siyasi və strateji məzmun daşıdığını bildirib.
Politoloqun sözlərinə görə, Avropa Komissiyasının Ermənistana 420 milyon avro həcmində ticarət və ixrac dəstəyi paketi yalnız iqtisadi təşəbbüs kimi qiymətləndirilməməlidir. Onun fikrincə, bu qərarın arxasında ciddi geosiyasi məqsədlər dayanır.
Rəşad Bayramov qeyd edib ki, paket Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının Avropa bazarlarına çıxışını asanlaşdırmağı və təxminən 20 ixrac kateqoriyasını əhatə etməyi nəzərdə tutur. Bu təşəbbüs Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda gündəmə gəlib və Brüsselin İrəvana siyasi-iqtisadi dəstəyinin yeni mərhələsi kimi qiymətləndirilə bilər.
Politoloqun fikrincə, son iki ildə Ermənistanın xarici siyasətində əsas tendensiya Rusiyadan iqtisadi və siyasi asılılığın mərhələli şəkildə azaldılması, Avropa istiqamətinin isə gücləndirilməsi olub. Avropa İttifaqının viza liberallaşdırılması üzrə dialoqu davam etdirməsi, müxtəlif maliyyə paketləri ayırması və iqtisadi inteqrasiya layihələrini genişləndirməsi də bu strategiyanın tərkib hissəsidir.
Onun sözlərinə görə, 420 milyon avroluq paket də məhz bu kontekstdə dəyərləndirilməlidir. Brüssel faktiki olaraq Ermənistana mesaj verir ki, Rusiya bazarında yaranan itkilər müəyyən qədər Avropa bazarları vasitəsilə kompensasiya edilə bilər. Bu isə Moskvanın ənənəvi iqtisadi təsir mexanizmlərinin zəiflədilməsi cəhdi kimi görünür.
Rəşad Bayramov bildirib ki, Avropa rəsmilərinin son aylarda Rusiyanın Ermənistana tətbiq etdiyi ticarət məhdudiyyətlərini “iqtisadi məcburetmə” kimi təqdim etməsi məsələnin sırf iqtisadi deyil, siyasi xarakter daşıdığını göstərir.
Bununla belə, politoloq hesab edir ki, Aİ-nin təşəbbüslərinə baxmayaraq, Ermənistanın qarşısında ciddi çətinliklər qalır. Onun sözlərinə görə, Avropa bazarına çıxış imkanlarının genişlənməsi mühüm üstünlük olsa da, Ermənistan iqtisadiyyatının əsas logistika və ticarət əlaqələri hələ də Rusiya ilə bağlıdır. Enerji təhlükəsizliyi, əmək miqrasiyası və pul köçürmələrinin əhəmiyyətli hissəsi Moskva ilə münasibətlərdən asılı olaraq qalır.
Politoloq əlavə edib ki, yaxın perspektivdə Ermənistanın yalnız Aİ dəstəyi ilə Rusiyanı tam şəkildə əvəz etməsi real görünmür. Onun fikrincə, Ermənistan üçün iqtisadi və enerji asılılığının azaldılmasında mühüm alternativ Türkiyə ola bilər və Qərb bunu yaxşı anlayır. Bu səbəbdən də uzun illərdir Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sərhədlərin açılması istiqamətində çağırışlar səsləndirilir. Bayramov vurğulayıb ki, Türkiyənin imkanlarından faydalanmağın yolu Azərbaycanla sülh prosesindən keçir.
Sonda politoloq bildirib ki, Avropa İttifaqının Ermənistana bu formada dəstəyi Qərbin Cənubi Qafqazda rolunu artırmaq niyyətinin göstəricisidir. Onun sözlərinə görə, Brüssel artıq yalnız siyasi dialoq və demokratik islahatlarla deyil, həm də konkret iqtisadi alətlərlə Ermənistanda təsir imkanlarını genişləndirməyə çalışır. Bu isə gələcəkdə Avropa-Rusiya rəqabətinin Cənubi Qafqaz istiqamətində daha da güclənəcəyinə işarə edir.








