“Krım yaxın vaxtlarda adaya çevriləcək. Rusiya üçün isə qarşısını almağın və öhdəsindən gəlməyin çətin olduğu əsl ‘cəhənnəm’ başlayır”.
EDnews xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixail Fedorov deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın Krım istiqamətində hərbi logistikasını zəiflətməyə çalışır. Fedorov bildirib ki, məqsəd yarımadanı Rusiya qoşunları üçün etibarlı təchizat məntəqəsi olmaqdan çıxarmaqdır.
Nazir qeyd edib ki, Krıma gedən əsas təchizat marşrutlarının hədəfə alınması Rusiya ordusunun hərəkət imkanlarını məhdudlaşdıra və yarımadanın hərbi baxımdan təcrid olunmasına gətirib çıxara bilər.
“Rusiya üçün bunun qarşısını almaq getdikcə çətinləşəcək”, — deyə Fedorov vurğulayıb.
Qeyd olunur ki, son dövrlərdə Ukrayna qüvvələri Rusiyanın cəbhə xəttindən arxadakı logistika xətlərinə, texnika və yanacaq daşınmasına yönəlmiş əməliyyatları artırıb. Qərb mediası da Ukraynanın Rusiya təchizat marşrutlarına təzyiqi gücləndirdiyini yazır.
Ukrayna tərəfi hesab edir ki, Krım istiqamətində logistikanın pozulması Rusiyanın cənub cəbhəsindəki hərbi imkanlarına ciddi təsir göstərə bilər.







