Hörmüz boğazında gərginliyin yenidən artması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı EDnews-a açıqlamasında mümkün ssenariləri dəyərləndirərək
bildirib ki, bu strateji marşrutun bağlanması dünya iqtisadiyyatı və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır.

Onun sözlərinə görə, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas arteriyalarından biridir və burada hər hansı məhdudiyyət neft qiymətlərinin kəskin bahalaşmasına, beynəlxalq bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.
Politoloq hesab edir ki, ABŞ Prezidenti Donald Tramp belə bir vəziyyət qarşısında passiv mövqe tutmayacaq. O qeyd edib ki, Vaşinqton ilk mərhələdə diplomatik və iqtisadi təzyiq vasitələrini işə sala, vəziyyət daha da gərginləşərsə, hərbi və ya təhlükəsizlik xarakterli addımları da gündəmə gətirə bilər.
Elxan Şahinoğlu vurğulayıb ki, hadisələrin sonrakı inkişafı İranın atacağı addımlardan və ABŞ-nin müttəfiqləri ilə koordinasiyalı qərarlarından asılı olacaq. Onun fikrincə, hazırkı vəziyyət Yaxın Şərqdə yeni qarşıdurma riskini artırır və dünya ictimaiyyəti prosesləri diqqətlə izləyir.
Qeyd edək ki, hazırda Vaşinqton Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə davam etmək və buna görə kompensasiya almaq niyyətindədir. ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News"a müsahibəsində deyib. "Biz boğazı qoruyacağıq. Çox güman ki, onu biz idarə edəcəyik. Onun mühafizəçiləri olacağıq və bunu etdikdə əvəzini alacağıq", - D.Tramp bildirib. Onun sözlərinə görə, ABŞ 50 il ərzində Hörmüz boğazının təhlükəsizliyini təmin edib, lakin buna görə ödəniş almayıb: "Biz onu ödənişsiz qoruyurduq, lakin indi bundan pul qazanacağıq".



.jpeg)



