"Prezident İlham Əliyevin Azərbaycanın həm şimal, həm də cənub sərhədlərində tezliklə sülhün bərqərar olunmasını arzulaması və bunun yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında mümkün olduğunu vurğulaması mühüm siyasi mesajlar ehtiva edir".
Politoloq Rəşad Bayramov bunu EDnews-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bu bəyanat Azərbaycanın Cənubi Qafqaz və ətraf regionda təhlükəsizlik arxitekturasına dair prinsipial mövqeyinin ifadəsidir.
O qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə sadiqlikdir. Bu baxımdan, regionda davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn vahid standartlarla tətbiqi əsasında mümkündür.
Rəşad Bayramov bildirib ki, İranla son illərdə müəyyən gərginliklər yaşansa da, hər iki ölkənin regional sabitlik və əməkdaşlıq baxımından qarşılıqlı maraqları mövcuddur. Onun fikrincə, Azərbaycan üçün əsas prioritetlər sərhəd təhlükəsizliyinin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdirilməsidir. Prezidentin səsləndirdiyi mesaj da dialoq və sabitliyə çağırış kimi qiymətləndirilməlidir.
Politoloq əlavə edib ki, şimal istiqamətində Rusiya ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Rusiya əvvəlki illərlə müqayisədə təsir imkanları zəifləsə də, Cənubi Qafqazda hələ də mühüm aktorlardan biri olaraq qalır. Azərbaycanın Moskva ilə münasibətlərində qarşılıqlı maraqlar və suverenliyə hörmət prinsipləri əsas yer tutur.
Ekspert vurğulayıb ki, Prezidentin sülh mesajı beynəlxalq ictimaiyyətə də ünvanlanıb. Onun sözlərinə görə, Azərbaycan regionda təhlükəsizlik məsələlərinin həllində xarici müdaxilələrdən deyil, beynəlxalq hüquqa əsaslanan yanaşmadan çıxış edir və uzunmüddətli sülhün yalnız dövlətlərin bir-birinin suverenliyini tanıması və beynəlxalq hüquqa hörmət etməsi ilə mümkün olduğunu bildirir.
Rəşad Bayramov sonda qeyd edib ki, Prezidentin çağırışı həm Azərbaycanın şimal və cənub qonşularına, həm də regiondakı digər tərəflərə beynəlxalq hüququn əsas prinsiplərinə riayət etməyin vacibliyini xatırladır. Onun fikrincə, işğalın yolverilməzliyi, ərazi bütövlüyünə hörmət, hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması və digər fundamental prinsiplər regionda davamlı sülhün əsas şərtləridir.
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir.
Dövlətimizin başçısı vurğulayıb ki, bu, yalnız hansısa tərəfin iddiaları və ya gündəliyi əsasında olmalı deyil. Beynəlxalq hüquq istənilən münaqişənin həlli, sülh üçün universal platformadır: "Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdarı olmuşuq".







