Fransanın paytaxtı Parisin yaxınlığında baş verən genişmiqyaslı meşə yanğınının söndürülməsinə yanğınsöndürmə təyyarələri cəlb edilib.
EDnews xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Fontenblo meşəsində qeydə alınan yanğın rəsmilər tərəfindən “müstəsna miqyaslı” və “çox təhlükəli” kimi qiymətləndirilib.
Məlumata görə, yanğın Parisdən təxminən 60 kilometr cənub-şərqdə yerləşən meşəlik ərazidə 800 hektardan çox sahəni əhatə edib və yayılmaqda davam edir.
Alov Fransanın şimalını cənubla birləşdirən əsas avtomobil magistrallarından birinin qismən bağlanmasına səbəb olub. Bundan başqa, yüksək sürətli qatarların hərəkətində də gecikmələr qeydə alınıb. Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) bəzi reyslər üzrə gecikmələrin altı saata çatdığını açıqlayıb.
Yanğının söndürülməsinə iki yanğınsöndürmə təyyarəsi, iki helikopter və bir müşahidə təyyarəsi cəlb olunub.
Fransa Yanğınsöndürənlər Milli Federasiyasının nümayəndəsi Erik Brokardi bildirib ki, əməliyyatın əsas məqsədi insanların həyatını və əmlakını qorumaqdır.
Qeyd edək ki, Fransa bu yay üçüncü istilik dalğasını yaşayır. Havanın yüksək temperaturu səbəbindən ölkədə üç atom elektrik stansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb. Eyni səbəbdən “Tour de France” velosiped yarışının bazar günü keçirilən mərhələsinin marşrutu da 30 kilometr qısaldılıb.






