Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra İstanbulda təşkilata qarşı genişmiqyaslı əməliyyatlar davam etdirilib.
EDnews xəbər verir ki, İstanbul Polis İdarəsinin məlumatına görə, son 10 ildə FETÖ-yə qarşı 9 626 əməliyyat keçirilib.
Əməliyyatlar nəticəsində 34 116 şübhəli saxlanılıb. Onlardan 13 272 nəfəri həbs edilib, 8 536 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, 12 308 nəfər isə məhkəmə prosesindən sonra azadlığa buraxılıb.
Bildirilib ki, 81 vilayətin baş prokurorluqları, 81 vilayətin polis idarələri və jandarma komandanlıqlarının FETÖ silahlı terror təşkilatının ifşasına yönəlmiş birgə çalışmaları nəticəsində bu gün səhər saatlarından etibarən 81 vilayətdə 968 şübhəli şəxsə qarşı əməliyyat başladılıb.
Əməliyyat çərçivəsində ən çox şübhəlinin olduğu vilayətlər Ankara, İzmir və İstanbul olub. Digər vilayətlərdə də təşkilatın hazırkı strukturlarına, gizli təşkilatlanmasına və əlaqəli şəxslərinə qarşı işlər diqqətlə davam etdirilir.






