Şri-Lankada denq qızdırması hallarının artması ilə əlaqədar valideynlərə məktəbəqədər yaşlı uşaqları ağcaqanad sancmalarından qorumaq üçün qolları və ayaqları örtən geyimlər geyindirmələri tövsiyə olunub.
EDnews xəbər verir ki, bu barədə ölkənin Qadın və Uşaq İşləri naziri Saroja Savithri Paulraj Milli Erkən Uşaqlıq Həftəsi münasibətilə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, valideynlər məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqlar üçün də məktəblilərə tətbiq olunan qoruyucu tədbirlərə əməl etməlidirlər.
Nazir, həmçinin zərurət yarandıqda uşaqlar üçün təhlükəsiz ağcaqanad kovucularından istifadə olunmasını və ağcaqanad sancmalarının qarşısının alınması üçün bütün mümkün tədbirlərin görülməsini tövsiyə edib.
Paulraj denq qızdırmasının təhsil müəssisələri üçün ciddi risk yaratdığını vurğulayaraq, qarşıdakı iki həftənin xüsusilə kritik olacağını bildirib.
Rəsmi məlumatlara əsasən, iyulun 12-dək Şri-Lankada cari il ərzində 68 672 denq yoluxması qeydə alınıb, xəstəlik nəticəsində 47 nəfər ölüb.






