Avropa İttifaqı (Aİ) Moldovanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün 120 milyon avro məbləğində yardım ayıracaq.
EDnews “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, yardım Avropa Sülh Fondu çərçivəsində Moldovanın Silahlı Qüvvələrinə təqdim ediləcək.
“Şura bu gün Moldova Respublikası Silahlı Qüvvələrinin ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində 120 milyon avro dəyərində yardım tədbiri qəbul edib”, – bəyanatda vurğulanıb.
Moldova ilə Rusiya arasında münasibətlər Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra daha da gərginləşib. Moldova hakimiyyəti ötən ilin noyabrında Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına daxil olduğunu açıqlayıb.
Qeyd edək ki, Moldova Ukrayna və Avropa İttifaqının üzvü olan Rumıniya arasında yerləşir. Ölkə əhalisinin əksəriyyətini rumın dilində danışanlar təşkil etsə də, Moldovada böyük rusdilli icma da yaşayır.







