Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələrini müdafiə sənayesini gücləndirməyə, silah və müdafiə texnologiyalarının istehsalını artırmağa çağırıb.
EDnews xəbər verir ki, Makron bu barədə Fransa Silahlı Qüvvələrinə müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə göstərib ki, Avropanın strateji sabitliyi artıq mövcud silah ehtiyatlarından deyil, onların sürətli və kütləvi istehsalı imkanlarından asılıdır.
“Rəqibləri artıq mövcud arsenallar deyil, silah istehsal etmək qabiliyyəti çəkindirəcək”- deyə Fransa Prezidenti vurğulayıb.
Makron, həmçinin Fransa və Almaniyanın yeni nəsil döyüş təyyarəsinin hazırlanmasını nəzərdə tutan SCAF/FCAS proqramının uğursuzluqla nəticələndiyini etiraf etsə də, Avropanın birgə müdafiə layihələrinin davam etdirilməsinin vacibliyini bildirib.
O, yeni əsas döyüş tankının, SAMP-T NG zenit-raket sisteminin, erkən xəbərdarlıq sistemlərinin və uzaqmənzilli zərbə vasitələrinin hazırlanmasının davam etdirilməsinə çağırıb.
Fransa Prezidenti əlavə edib ki, Avropa müdafiə sənayesi daha sürətli istehsala keçməli, daha çox risk götürməli və kosmik sənaye də daxil olmaqla birgə Avropa layihələrinin maliyyələşdirilməsini genişləndirməlidir.







