ABŞ-İran gərginliyinin NATO-nun Ankarada keçirilən sammiti fonunda artması beynəlxalq təhlükəsizlik gündəmində yeni suallar yaradıb.
Xüsusilə Hörmüz boğazı ətrafında baş verənlər, ABŞ-nin regiondakı hərbi aktivliyi və NATO ölkələrinin mümkün mövqeyi münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalını gündəmə gətirir.
Mövzu ilə bağlı EDnews-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Hörmüz boğazında gərginliyin NATO sammiti dövrünə təsadüf etməsi müəyyən siyasi mesajlar daşıyır.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın davranışları Vaşinqtonun müttəfiqlərdən daha açıq dəstək gözlədiyini göstərir:
“Donald Tramp özünü dünyanın fateh imperatoru kimi aparmağa çalışır və hesab edir ki, onun bütün şərtləri qəbul olunmalıdır. Türkiyədəki davranışları da göstərir ki, NATO daxilində artıq heç bir ölkənin ayrıca söz sahibi olmayacağı qənaəti formalaşır”.
Ekspert hesab edir ki, gələcəkdə İranla bağlı daha böyük hərbi qarşıdurma baş verərsə, Avropa ölkələrinin bir qismi ABŞ-nin tərəfdaşı kimi prosesə cəlb oluna bilər:
“Bu, o deməkdir ki, gələcək İran müharibəsində Avropa ölkələrinin böyük bir hissəsi Amerikanın tərəfdaşı və müttəfiqi kimi prosesdə iştirak edəcək. Bir sözlə, NATO ölkələrinin birbaşa tərəfə çevrilməsi ehtimalı artır. Lakin, Avropa ölkələrinin hamısı eyni mövqedən çıxış etməyəcək. Fransa kimi köklü dövlətçilik ənənələrinə malik ölkələr daha çox diplomatik həll yoluna üstünlük verə bilər. Fransa bu prosesdə fərqli mövqe tutacaq və münaqişədə ortaq məxrəcə gəlinməsinə çalışacaq”.
Türkiyənin mümkün vasitəçilik missiyasına toxunan ekspert bildirib ki, Ankara nəzəri baxımdan bu rolu oynaya bilərdi. Lakin Trampın Türkiyənin ABŞ-İsrail xəttində İrana qarşı əməliyyatlara dəstək verdiyi barədə fikirlərindən sonra Tehran bu vasitəçiliyə müsbət yanaşmaya bilər:
“Düşünmürəm ki, Tehran bundan sonra Türkiyənin hər hansı vasitəçiliyinə dəstək versin”.
Ramil Məmmədlinin sözlərinə görə, ən təhlükəli ssenari ABŞ-nin İrana qarşı yerüstü əməliyyatlara başlamasıdır.
Ekspert hesab edir ki, belə bir addım müharibənin müddətini uzada, regionu daha dərin böhrana sürükləyə və ABŞ-nin qlobal mövqelərinə ciddi zərbə vura bilər:
Onun fikrincə, hazırkı mərhələdə əsas təhlükə təkcə raket və dron zərbələrində deyil, bu qarşıdurmanın NATO ölkələrini də prosesə cəlb edə biləcək daha geniş siyasi-hərbi böhrana çevrilməsindədir. Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq lokal məsələ olmaqdan çıxaraq qlobal təhlükəsizlik arxitekturasına təsir edən faktor kimi önə çıxır.
Beləliklə, ABŞ-İran qarşıdurmasının genişlənməsi təkcə Yaxın Şərq üçün deyil, NATO daxilində siyasi balanslar, enerji təhlükəsizliyi və beynəlxalq münasibətlərin gələcək düzəni baxımından da ciddi nəticələr doğura bilər. Əgər tərəflər geri addım atmasa, Hörmüz boğazı növbəti regional böhranın deyil, daha böyük qlobal qarşıdurmanın başlanğıc nöqtəsinə çevrilə bilər.
Aysel Hacıyeva | EDnews






.jpg)
