Rusiyanın Ukraynaya qarşı davam edən PUA hücumları fonunda bu dəfə hədəflərdən biri də SOCAR-ın Ukraynadakı obyektləri olub. Hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim edib.
Məsələni Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus EDnews-a şərh edib.
O, qeyd edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə edilən hücumları artıq təsadüf kimi qiymətləndirmək mümkün deyil:
"Təsadüf bir dəfə baş verə bilər, lakin hədəflərə ardıcıl zərbələrin endirilməsi artıq siyasi mesaj xarakteri daşıyır. Bundan əvvəl də SOCAR-ın obyektləri, Azərbaycanın Ukraynadakı səfirliyi və ölkəmizə məxsus digər obyektlər Rusiya hücumlarının hədəfinə çevrilmişdi. Bu ardıcıllıq Kremlin Azərbaycana ünvanladığı açıq siyasi siqnal kimi dəyərləndirilməlidir.
Azərbaycan Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günündən beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynaya humanitar yardım göstərir. Xüsusilə enerji infrastrukturunun bərpasına verdiyi dəstək bunun bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, enerji infrastrukturu Rusiyanın müharibə zamanı əsas hədəflərindən biridir. Bu baxımdan, SOCAR-ın obyektlərinə endirilən zərbələr təkcə Ukraynaya qarşı deyil, həm də Azərbaycanın müstəqil xarici siyasət kursuna və Bakının mövqeyinə yönəlmiş narazılığın ifadəsi kimi qiymətləndirilə bilər".
Ramiz Yunusun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfirini çağıraraq ona etiraz notası təqdim etməsi də bu hadisələrə verilən siyasi cavabdır. Bu addım göstərir ki, Azərbaycan dövlət maraqlarına qarşı yönələn heç bir təzyiqi, təxribatı və ya hədə-qorxunu cavabsız qoymaq niyyətində deyil. Harada Azərbaycanın maraqları təhdid olunursa, dövlətin reaksiyası da orada olacaq.
O, vurğulayıb ki, AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərində yaranmış etimad böhranı hələ də aradan qalxmayıb:
"Moskvanın sonradan müəyyən addımlar atması, üzrxahlıq etməsi və kompensasiya ilə bağlı razılığa gəlməsi münasibətlərdə yaranmış dərin siyasi çatları tam aradan qaldıra bilmədi. Əksinə, SOCAR-ın obyektlərinə edilən növbəti hücumlar göstərdi ki, Kreml Azərbaycanla münasibətlərdə köhnə təzyiq üsullarından hələ də imtina etməyib. Əgər bu cür hücumlar davam edərsə, Azərbaycanın diplomatik reaksiyasının daha sərt olması tamamilə məntiqli görünür. Burada söhbət təkcə etiraz notalarından getmir. Azərbaycan artıq regional güc mərkəzidir və milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi, diplomatik və iqtisadi imkanlara malikdir. Heç bir müstəqil dövlət öz bayrağına, səfirliyinə və milli şirkətlərinə qarşı hücumları uzun müddət səssiz izləyə bilməz. Moskva üçün ən mühüm siyasi mesaj isə ondan ibarətdir ki, Azərbaycan artıq otuz il əvvəlki Azərbaycan deyil. Bu gün ölkəmiz regionda söz sahibi olan orta gücdür və onunla ultimatum, təzyiq və qorxu dili ilə danışmaq mümkün deyil. Belə yanaşma yalnız əks nəticə verir və Azərbaycan cəmiyyətində Rusiyaya olan etimadı daha da zəiflədir".
Ramiz Yunus onu da əlavə edib ki, Kreml bu siyasəti ilə təkcə Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı özündən uzaqlaşdırır:
"Son illərdə Moskva həm Azərbaycanda, həm Ermənistanda, həm də Gürcüstanda əvvəlki təsir imkanlarını sürətlə itirir. Bunun əsas səbəbi region ölkələrinin deyil, məhz Rusiyanın dəyişən geosiyasi reallıqlara uyğunlaşa bilməməsidir. Dünya dəyişir, beynəlxalq münasibətlər sistemi yenilənir, güc balansı fərqlənir, lakin Kremlin qonşularına münasibətdə imperiya təfəkkürü dəyişməz qalır.
Tarix göstərir ki, imperiyalar əksər hallarda xarici düşmənlərdən deyil, yanlış siyasi yanaşmalarından və strateji korluqlarından zəifləyirlər. Təzyiqi diplomatiya hesab edən dövlətlər nəticədə etimadı, müttəfiqlərini və təsir imkanlarını itirirlər. Bu gün Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi də məhz bu siyasətin nəticəsidir.
Son hadisələr bir daha təsdiqləyir ki, Azərbaycanın seçdiyi müstəqil xarici siyasət kursu təsadüfi deyil, strateji zərurətdən irəli gələn seçimdir".
Analitik hesab edir ki, Rusiya köhnə imperiya refleksləri ilə hərəkət etməyə davam etdikcə, qonşu dövlətlər öz təhlükəsizliklərini daha da gücləndirəcək, yeni tərəfdaşlıqlar quracaq və Moskva ilə siyasi məsafəni artıracaqlar. Bu artıq emosional yanaşma deyil, XXI əsrin geosiyasi reallığıdır.
Aytac Kərimova | EDnews




.jpg)


