Bu gün Ankarada işə başlayan NATO Zirvəsi Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi, alyansın müdafiə strategiyası və Qərbin Kiyevə dəstəyinin davamı baxımından xüsusi əhəmiyyət daşıyır.
Zirvə çərçivəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü isə diqqət mərkəzində olan əsas məqamlardan biridir.
Mövzu ilə bağlı EDnews-a danışan türkiyəli siyasi şərhçi Hakan Bayrakçı qeyd edib ki, bu dəfə Ukrayna müharibəsi ilə bağlı hər hansısa bir həllin tapılıb-tapılmayacağını dəqiq söyləmək çətindir. Hazırda vəziyyət kifayət qədər problemlidir. Buna görə də tərəflərin müəyyən bir çıxış yolu tapması mümkündür.

Tramp-Zelenski görüşündə müzakirə olunacaq əsas məsələlərə gəlincə isə Hakan Bayrakçı bildirib ki, burada Ukraynanın nələr təklif edə biləcəyi, hansı məsələlərdən geri çəkilə biləcəyi müzakirə olunacaq. Eyni zamanda Rusiyanın hansı mövqedə dayanacağı və ABŞ üçün hansı üstünlüklərin təklif edilə biləcəyi də gündəmdə olacaq:
"Son 5-6 ayda aydın şəkildə görünən bir məqam var ki, Rusiya artıq hər hansı bir güzəştə getmək niyyətində deyil. Moskvanın mövqeyi belədir ki, müharibənin başa çatması üçün o, heç bir güzəştə getməyəcək. Əgər güzəşt olacaqsa, bunu Ukrayna etməlidir. Rusiyanın qırmızı xətləri var və bu görüşlərdə Tramp ilə Zelenskinin əsasən Ukraynanın Rusiyaya nələr verə biləcəyini, hansı şərtlərdən imtina edə biləcəyini müzakirə edəcəkləri ehtimal olunur. Bununla yanaşı, ABŞ-yə hansı imkanların təqdim edilə biləcəyi də danışılacaq".
Hakan Bayrakçının sözlərinə görə, artıq Zelenskinin “mən Rusiyadan bunu istəyirəm” və ya “bu ərazini vermək istəmirəm” demək kimi geniş manevr imkanları, təəssüf ki, qalmayıb. Çünki Rusiya müharibəni uzatmaqla bir mövqeyini tam aydınlaşdırdı: “Mən razılaşma zamanı heç bir güzəştə getmərəm. Yalnız istədiklərim qəbul olunarsa, sülhə razı olaramm:
"Bundan sonra isə prosesin necə inkişaf edəcəyi, Ukraynanın nələri qəbul edəcəyi və ABŞ-nin Kiyevə hansı şərtləri qəbul etdirə biləcəyi isə Tramp-Zelenski görüşünün nəticələrindən asılı olacaq".
Aytac Kərimova | EDnews







