Azərbaycandan Ermənistana tranzit daşımalarının həyata keçirilməsi regionda normallaşma prosesinin yeni mərhələsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı EDnews-a danışan siyasi şərhçi Azər Həsrət bunun Azərbaycanın gələcəyə hesablanmış siyasi yanaşmasının göstəricisi olduğunu bildirib.
O hesab ki, Azərbaycanın son addımları regionda qarşıdurma deyil, əməkdaşlıq modelinin qurulmasına yönəlib.
Onun sözlərinə görə, rəsmi Bakı artıq uzun müddətdir ki, Ermənistanla münasibətlərin yeni mərhələyə keçməsi üçün siyasi və iqtisadi mesajlar verir.
“Azərbaycan göstərir ki, regionda sabitlik və normal qonşuluq münasibətlərinin tərəfdarıdır. Ermənistana neft məhsullarının göndərilməsi də bu yanaşmanın praktik nümunələrindən biridir. Hazırda yekun sülh sazişi imzalanmasa və bütün kommunikasiyalar tam açılmasa da, Bakı münasibətlərin gələcəyinə yönəlmiş addımlar atır”.
Azər Həsrət qeyd edib ki, enerji sahəsində mümkün əməkdaşlıq Ermənistan üçün yeni imkanlar yarada bilər və bu, regionda qarşılıqlı etimadın güclənməsinə təsir göstərə bilər.
Onun fikrincə, Azərbaycan bu istiqamətdə təsir mexanizmi yaratmaq deyil, əməkdaşlıq platforması formalaşdırmaq niyyətini nümayiş etdirir.
Şərhçi əlavə edib ki, son dövrdə Ermənistanın siyasi ritorikasında müşahidə olunan dəyişikliklər də münasibətlərin normallaşması üçün müəyyən zəmin yaradır:
“Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Regionda yeni mərhələnin əsas məqsədi qarşıdurmanı deyil, sabitliyi və əməkdaşlığı gücləndirməkdir”.



.png)



