Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
EDnews xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi qeyd olunan hava şəraiti ilə əlaqədar vətəndaşlara müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Bildirilib ki, intensiv yağıntılar nəticəsində yarana biləcək sel və daşqınlardan qorunmaq üçün sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq lazımdır. Belə təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Nazirlik ildırım təhlükəsi ilə bağlı da əhaliyə xəbərdarlıq edib. Qeyd olunub ki, ildırımdan qorunmaq üçün elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq havada elektrik xətləri, ildırım ötürücüləri, navalça və antenalara yaxınlaşılmamalıdır.
Həmçinin hündür ağacların altında daldalanmaq təhlükəli hesab olunur. Açıq havada olan şəxslərə nisbətən çökək yer seçmək, avtomobildə olanlara isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
FHN bir daha xatırladıb ki, təhlükə zamanı “112” qaynar xəttinə zəng etmək lazımdır.







