Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun müasir müharibənin yaratdığı çağırışlarla Ukrayna ilə birlikdə mübarizə apara biləcəyini bildirib.
EDnews xəbər verir ki, Zelenski bu barədə Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ATO Congresium-da təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxışı zamanı danışıb.
Ukrayna lideri ölkəsinin müdafiə şirkətlərinə və hərbi imkanlarına göstərilən marağa görə təşəkkür edib. O bildirib ki, Ukraynanın müdafiə qabiliyyəti Avropada ən güclü imkanlardan biri hesab olunur və bu, xüsusilə müasir döyüş meydanında özünü sübut edib.
Zelenskinin sözlərinə görə, müharibələr ciddi şəkildə dəyişib və bu dəyişikliklər hərbi texnologiyalarda yeni mərhələ yaradıb. O, hazırda pilotsuz uçuş aparatlarının, uzaqdan idarə olunan döyüş imkanlarının və yeni nəsil hərbi texnologiyaların savaşın əsas elementlərinə çevrildiyini vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, ölkəsi özünü müdafiə etmək üçün mübarizə aparır və döyüş meydanında pilotsuz uçuş aparatlarından geniş istifadə edir. Zelenski qeyd edib ki, Ukrayna həm quruda, həm havada, həm də dənizdə PUA imkanlarını inkişaf etdirərək işğal altında olan ərazilərdə də mübarizəni davam etdirir.
O, Rusiyaya məxsus PUA-ların qarşısının alınması göstəricisinin 90 faizdən yuxarı qalxdığını bildirib. Zelenski qeyd edib ki, hər həftə minlərlə Rusiya PUA-sı məhv edilir və ya zərərsizləşdirilir.
Ukrayna lideri çıxışında hava hücumundan müdafiə sistemlərinin vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, Avropada Rusiyanın ballistik raketlərinə qarşı güclü müdafiə sistemi qurulmalıdır. Zelenski bildirib ki, mövcud “Patriot” istehsalı artan ballistik raket təhlükəsinə qarşı müdafiə ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.
Zelenski tərəfdaş ölkələrə müraciət edərək Ukraynanın hava hücumundan müdafiə raketlərinə ehtiyacı olduğunu deyib:
“Bu, hazırda bizim ən böyük prioritetimizdir. Başqa sahələrdə çox şeyi özümüz edə bilirik, lakin hava müdafiəsinə gəldikdə tərəfdaşlarımıza ehtiyacımız var. Sizin öhdəliyinizə və qətiyyətinizə ehtiyacımız var. Daha çox qətiyyət göstərin, daha çox qərar qəbul edin”.
Ukrayna Prezidenti NATO-nun gələcəyində Ukraynanın yer aldığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi, dözümlülüyü və müharibə təcrübəsi özünü sübut edib.
“Əgər ukraynalılar kimi savaşmağı bilirsinizsə, o zaman biz NATO-nun kollektiv müdafiəsinin bir hissəsi olmalıyıq. Bu, hamımızı daha güclü edəcək”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, NATO daxilində Ukrayna fövqəladə müdafiə qabiliyyəti gətirəcək və Rusiya ilə bağlı “strateji üstünlük” fikrini aradan qaldıracaq.







