7–9 iyul tarixlərində Ankarada keçirilən NATO sammiti Alyans üçün son illərin ən gərgin toplantılarından biri kimi qiymətləndirilir.
Sammit Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki böhran, ABŞ və Avropa arasında fikir ayrılıqları, eləcə də NATO-nun Avropa təhlükəsizlik sistemində gələcək rolu ilə bağlı müzakirələr fonunda baş tutur.
Sammitin gündəliyində Ukrayna məsələsi xüsusi yer tutur. Kiyev müttəfiqlərdən yalnız siyasi bəyanatlar deyil, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret qərarlar gözləyir.
Mövzu ilə bağlı EDnews-a açıqlama verən ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, sammitdə Ukrayna ilə bağlı əsas qərar hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ola bilər.

Onun sözlərinə görə, hazırda Kiyev üçün ümumi dəstək ifadələrindən daha çox praktiki addımlar vacibdir. Buraya ilk növbədə HHM sistemlərinin, raket-tutucuların, döyüş sursatlarının və kritik infrastrukturun qorunması üçün zəruri vasitələrin tədarükü daxildir.
“Ukrayna hər gün kütləvi hücumlarla üzləşir və məhz HHM bu gün şəhərlərin, energetika sektorunun, sənayenin və hərbi infrastrukturun qorunmasında əsas elementdir”, — deyə Kovalenko qeyd edib.
Patriot sistemləri və raket-tutucuların mümkün tədarükünü şərh edən politoloq bildirib ki, belə bir ssenari kifayət qədər realdır. Lakin bu məsələ müttəfiqlərin siyasi iradəsindən və mövcud resurslardan asılı olacaq.
Kovalenkonun fikrincə, NATO Ukrayna üçün yeni uzunmüddətli hərbi yardım paketi də elan edə bilər. Söhbət 2026-cı il üçün dəstəkdən, müdafiə istehsalının genişləndirilməsindən, birgə satınalmalardan və silah tədarükünün maliyyələşdirilməsindən gedə bilər.
“Çox güman ki, Alyans uzunmüddətli dəstək modelinə üstünlük verəcək. Bu o deməkdir ki, Ukraynaya yardım cəbhədəki vəziyyətə verilən birdəfəlik reaksiya kimi deyil, NATO-nun strateji planlaşdırmasının bir hissəsi kimi nəzərdən keçiriləcək. Bu yanaşma vacibdir, çünki müharibə resursların tükənməsi mərhələsinə keçib və burada istehsal, logistika və tədarükün sabitliyi həlledici rol oynayır”, — ekspert vurğulayıb.
Bununla yanaşı, Kovalenko hesab edir ki, sammitdə Ukraynanın NATO-ya üzvlüyü məsələsində ciddi irəliləyiş gözlənilmir. Onun sözlərinə görə, Alyans daxilində fikir ayrılıqları qalır. ABŞ və bir sıra Avropa ölkələri davam edən müharibə şəraitində Ukraynanın NATO-ya birbaşa üzvlüyü ilə bağlı qərara hələ hazır deyillər.
“Ukraynanın üzvlüyə doğru addımı, böyük ehtimalla, siyasi bəyanatlarla məhdudlaşacaq. NATO Ukraynanın gələcəyinin Alyansla bağlı olduğunu təsdiqləyə bilər, lakin real dəvət və ya dəqiq üzvlük qrafiki, yəqin ki, olmayacaq. Müttəfiqlər bunu praktiki hərbi dəstəklə kompensasiya etməyə çalışacaqlar”, — politoloq bildirib.
Kovalenkonun sözlərinə görə, Kiyev üçün sammitin əsas nəticəsi Rusiyaya qarşı bəyanatların nə qədər sərt olmasından deyil, müttəfiqlərin hansı real öhdəlikləri üzərlərinə götürməsindən asılı olacaq.
“Ukraynaya konkret qərarlar lazımdır: HHM, raketlər, döyüş sursatları, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri və uzunmüddətli maliyyələşmə. Əgər sammit bu qərarları verərsə, onu Kiyev üçün nəticəli hesab etmək olar. Əgər hər şey yalnız siyasi deklarasiyalarla məhdudlaşarsa, bu, indiki şəraitdə kifayət etməyəcək”, — deyə Aleksandr Kovalenko yekunlaşdırıb.
Aysel Hacıyeva | EDnews







