Enerji marşrutlarının qorunması, dəniz keçidlərinin təhlükəsizliyi və böyük güclərin bölgədəki təsir imkanları regionla bağlı müzakirələrin əsas istiqamətlərindən biridir.
Məhz bu fonda Fransanın Hörmüzün minalardan təmizlənməsi üçün Omanla əməkdaşlıq etmək istəyi diqqət çəkir.
Politoloq Elçin Xalidbəyli bu barədə EDnews-a danışarkən qeyd edib ki, bu, birbaşa Fransanın təşəbbüsü deyil. Belə bir təklif, ilk növbədə, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb:
.jpg)
"Tramp Avropa ölkələrinə müraciət edərək onları Hörmüz boğazının minalardan təmizlənməsi prosesində iştirak etməyə çağırıb. Bunun müqabilində isə ABŞ-nin Ukraynaya hərbi dəstəyi davam etdirəcəyi və Rusiyaya təzyiqləri gücləndirəcəyi bildirilib. Beləcə, Tramp bu məsələdə müəyyən siyasi alver xətti yürüdüb. O, Avropa ölkələrini Ukraynaya dəstək və Rusiyaya təzyiqin davam etdirilməsi qarşılığında Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə qoşulmağa çağırıb".
Politoloqun sözlərinə görə, Fransanın Trampın bu təklifinə ilk reaksiyası ondan ibarət olub ki, Paris bu prosesdə yalnız müəyyən şərtlər daxilində iştirak edə bilər:
"Fransanın mövqeyinə görə, bunun üçün həm İranın, həm də Körfəz ölkələrinin Avropa dövlətlərinin bu prosesdə iştirakına razılığı olmalıdır. Yalnız bu halda Fransa minaların təmizlənməsi prosesinə qoşula bilər. Hazırda rəsmi Parisin Omanla belə bir məsələdə anlaşma niyyəti də məhz bununla bağlıdır. Fransa əvvəlcə İranla, sonra isə Körfəz ölkələri ilə razılıq əldə edərək, Hörmüz boğazında minaların təmizlənməsi prosesində iştirak etmək istəyir. Digər tərəfdən, Fransanın mövqeyinə görə, əgər Avropa ölkələri bu prosesə qoşulacaqsa, ABŞ həmin prosesə müdaxilə etməməlidir".
Elçin Xalidbəyli vurğulayıb ki, ABŞ-İran qarşıdurması dövründə Fransa dolayı şəkildə İranı dəstəkləyən mövqe nümayiş etdirib, ABŞ-nin İrana hərbi müdaxilə etməsinə kəskin etiraz edirdi:
"Bu mövqe Fransanın İranla pərdəarxası dərin və inkişaf etmiş münasibətlərə malik olması ilə izah olunur. Rəsmi Paris hətta NATO çərçivəsində hərbi müttəfiqi olan ABŞ-yə Fransadakı hərbi bazalardan İrana qarşı istifadə etməyə icazə verməyib. Bundan əlavə, Fransa hərbi məqsədlərlə istifadə üçün hava məkanını da ABŞ-nin üzünə bağlamışdı".
Siyasi şərhçi onu da əlavə edib ki, baş verənlər Hörmüz boğazının hazırda qlobal miqyasda əsas gərginlik nöqtələrindən birinə çevrildiyini göstərir. Geosiyasi proseslərin ağırlıq mərkəzi böyük ölçüdə bu strateji boğaz üzərində cəmlənməyə başlayıb. Bu isə Hörmüz ətrafındakı gərginliyin yaxın perspektivdə hərbi böhranı daha da dərinləşdirə biləcəyini göstərir.
Aytac Kərimova | EDnews






.png)
