“Tarixi hadisələrin siyasi qərarlarla qiymətləndirilməsi dövlətlərarası münasibətlərdə etimadsızlığı artırır və diplomatik gərginlik yaradır. Son onilliklərdə tarixi yaddaşdan beynəlxalq siyasətdə təsir vasitəsi kimi istifadə olunması tendensiyası güclənib”.
Politoloq Yeganə Hacıyeva bu fikirləri İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı qərarını EDnews-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, müxtəlif dövlətlər və siyasi aktorlar tarixi hadisələrə münasibəti humanitar prinsiplər əsasında deyil, daha çox xarici siyasət və diplomatik maraqları çərçivəsində formalaşdırırlar.
Politoloq qeyd edib ki, “soyqırımı” kimi ağır hüquqi və mənəvi ittihamların parlament qərarları və ya siyasi bəyanatlarla qiymətləndirilməsi beynəlxalq hüquq və dövlətlərarası münasibətlər baxımından ciddi yanlışlıqdır. Tarixin qiymətləndirilməsi parlamentlərin məsuliyyətsiz şəkildə qəbul etdiyi siyasi qətnamələrlə mümkün deyil. Belə təşəbbüslər çox zaman dəyişən geosiyasi maraqların təsiri altında formalaşır.
Yeganə Hacıyeva vurğulayıb ki, Türkiyəyə qarşı Birinci Dünya müharibəsi hadisələri əsasında irəli sürülən ittihamlarla bağlı qərarlar ilk gündən geosiyasi münasibətlər, regional rəqabət və strateji maraqlarla bağlı olub. Politoloqun sözlərinə görə, bu yanaşma bu gün də davam edir.
“Tarixi mübahisəli hadisələr siyasi təzyiq vasitəsinə çevrildikdə həm tarixi obyektivlik, həm də beynəlxalq hüququn nüfuzu zərər görür. Belə məsələlərin araşdırılması beynəlxalq elmi komissiyalar yaradılmadan, bütün tərəflərin arxivləri açılmadan, müstəqil tarixçi və hüquqşünasların iştirakı ilə tədqiqatlar aparılmadan mümkün deyil”, - deyə o bildirib.
Yeganə Hacıyeva hesab edir ki, qardaş Türkiyəyə qarşı saxta “soyqırımı” iddialarının müxtəlif parlamentlər tərəfindən tanınması tarixi ittihamdan daha çox siyasi məqsədlərə xidmət edir.
“Bu, Yaxın Şərq və Cənubi Qafqazda maraq bölgüsünə, dövlətlər arasında etimadın azalmasına, cəmiyyətlərarası qarşıdurmanın dərinləşməsinə, regional əməkdaşlığın zəifləməsinə və uzunmüddətli barışıq proseslərinin çətinləşməsinə hesablanmış siyasətdir”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu cür təşəbbüslər yaxınlaşmaq istəyən xalqları bir-birindən uzaqlaşdırır və tarixi mövzuları kənar siyasi-ideoloji təsir alətinə çevirir.
Beləliklə, İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı təkcə Türkiyə-İsrail münasibətləri kontekstində deyil, həm də Cənubi Qafqaz və Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqlar baxımından diqqət çəkir.
Aysel Hacıyeva | EDnews







