Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycanda hormonlu broyler toyuqlarının yetişdirilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
EDnews xəbər verir ki, "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində çıxış edən AQTA sədri qeyd edib ki, ölkədə fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatları dövlət nəzarəti altındadır və həm məhsulların, həm də yem təhlükəsizliyinin monitorinqi mütəmadi şəkildə həyata keçirilir.
Qoşqar Təhməzlinin sözlərinə görə, bəzi hallarda kütləvi informasiya vasitələrində Azərbaycan quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.
O vurğulayıb ki, "Vahid Sağlamlıq" konsepsiyasına uyğun olaraq yem təhlükəsizliyinin təmin edilməsi quş əti və yumurtanın da təhlükəsizliyini təmin edir. Bu baxımdan hormonlar və antibiotiklərin istifadəsinə ciddi dövlət nəzarəti həyata keçirilir.
AQTA sədrinin sözlərinə görə, bu günədək 100-ə yaxın quşçuluq müəssisəsində 163 dövlət nəzarəti tədbiri keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib.
Bununla yanaşı, 300-dən çox laborator müayinə aparılıb. Qoşqar Təhməzli bildirib ki, indiyədək aparılan laborator analizlər zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqları aşkarlanıb.







