İsrailin qondarma “erməni soyqırımı” tanıması haqlı narazılıqlar yaradıb.
Ermənistanın bu məsələyə münasibəti və Baş nazir Nikol Paşinyanın mövqeyi isə regional siyasi müstəvidə diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
Politoloq Məhəmməd Əsədullazadə bu barədə EDnews-a danışıb
.
Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin son dövrlərdə bu məsələyə yanaşmasında müəyyən dəyişikliklər müşahidə olunur.
“Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları göstərir ki, hazırkı hakimiyyət qondarma ‘erməni soyqırımı’nın beynəlxalq gündəmdə tanınması istiqamətində əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlı siyasət yürüdür. Bu kontekstdə İsrailin mümkün addımlarına münasibətdə də rəsmi İrəvanın məsələni siyasiləşdirməməyə çalışdığı görünür.
Türkiyə–Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində proseslərin davam etdiyi bir vaxtda bu mövzunun yenidən gündəmə gətirilməsi regionda müəyyən siyasi dairələrin fəallaşmasına səbəb ola bilər.
Əgər rəsmi İrəvan bu məsələnin gündəmə gətirilməsini tam dəstəkləsəydi, Paşinyan tərəfindən fərqli mövqe nümayiş etdirilməzdi. Mövcud yanaşma onu göstərir ki, Ermənistan rəhbərliyi bu mövzunun regional münasibətlərə əlavə gərginlik gətirməsini istəmir.
Müxtəlif dövlətlər və siyasi mərkəzlər zaman-zaman tarixi məsələlərdən geosiyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Belə yanaşmalar nəticəsində tarixi məsələlər siyasi alətə çevrilir və bu da regionda davam edən normallaşma proseslərinə təsirsiz ötüşmür”, – deyə politoloq izah edib.







