Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbir çərçivəsində türk dünyasının ortaq gələcəyi, dil birliyi və inteqrasiya məsələləri müzakirə olunub.
Millət vəkili Hikmət Babaoğlu EDnews-a açıqlamasında qurultayın yalnız tarixi əhəmiyyət daşımadığını, həm də gələcək əməkdaşlıq üçün mühüm platforma rolunu oynadığını bildirib.
Onun sözlərinə görə, keçirilən tədbir türk xalqları arasında əlaqələrin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan Prezidenti tərəfindən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşü zamanı Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs bu gün reallığa çevrilib. Bu, türk dünyasının ortaq elmi və mədəni irsinə verilən önəmin göstəricisidir.
Dil xalqları birləşdirən ən mühüm vasitələrdən biridir. Lakin dil üzərində qurulan gələcək yalnız dil hadisəsi deyil. Bu proses qarşılıqlı mədəni inteqrasiyanın gücləndirilməsi, ortaq mənəvi dəyərlərin formalaşdırılması və gələcək əməkdaşlığın möhkəmləndirilməsi deməkdir.
Hesab edirəm ki, Azərbaycan tərəfindən irəli sürülən bu təşəbbüs sadəcə konfrans və ya tədbirlər kompleksi kimi qiymətləndirilməməlidir. Bu təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında gələcək ortaq siyasi əməkdaşlığın və daha güclü birliyin formalaşmasına mühüm töhfə verəcək”, - deyə Hikmət Babaoğlu bildirib.







