"Avropa İttifaqı Azərbaycanın regional oyunqurucu güc olduğunu görür. Ələlxüsus da, Vətən müharibəsindəki qələbəmizdən, Qarabağ zəfərindən sonra Azərbaycan Cənubi Qafqazda dominant və lokomotiv güc kimi ön plana çıxıb. Digər tərəfdən, Azərbaycan orta ölçülü dövlət olmasına baxmayaraq, qlobal sistemin işleyişində mühüm mövqeyə sahibdir. Müxtəlif beynəlxalq platformalarda fəal iştirakı, şaxələndirilmiş və balanslı xarici siyasət kursu ölkəmizin qlobal proseslərdə əhəmiyyətli yer tutmasına imkan yaradır".
Bu fikirləri politoloq Telman Nüsrətoğlu EDnews-a danışarkən qeyd edib.
Onun sözlərinə görə, dünya nizamı baxımından yollar, dəhlizlər və resurslar xüsusi önəm daşıyır. Azərbaycan isə Orta Dəhliz baxımından strateji coğrafiyada yerləşir:

"Azərbaycan olmadan nə Orta Dəhlizdən, nə Qərb-Şərq, nə də Şimal-Cənub nəqliyyat marşrutlarından tam şəkildə danışmaq mümkündür. Bu baxımdan, ölkəmizin əhəmiyyəti daha da artır. Türk dünyası artıq böyük geosiyasi güc mərkəzlərindən birinə çevrilir və bu da mühüm amildir. Orta Asiya və Türk dövlətlərinin resursları, Çin-Avropa ticarəti, nəqliyyat və enerji bağlantıları Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da yüksəldir. Bu gün nəzərə alsaq ki, Avropa İttifaqının əsas problemlərindən biri Rusiya ilə münasibətlərdir, enerji məsələsi də xüsusi aktuallıq qazanır. Avropa Rusiya nefti və qazından asılılığı azaltmaq, enerji mənbələrini şaxələndirmək istəyir. Buna görə də Azərbaycanın rolu və önəmi daha da artır".
Politoloq bildirib ki, Azərbaycan bütün parametrlər baxımından regional və qlobal sistemin işində əvəzedilməz ölkələrdən biri kimi görünür:
"Böyük güclər üçün Azərbaycanla əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilir. Lakin digər tərəfdən Avropanın ənənəvi anti-İslam və anti-Türk refleksləri, yanaşmaları da qalmaqdadır. Avropa bu yanaşmalardan tam qurtula bilmir. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı çox hallarda ikili standartlar siyasəti həyata keçirilir. Bu baxımdan, Avropanın özündə müəyyən dilemma mövcuddur. Praqmatik və real zəmində Avropa Azərbaycanla nəqliyyat, təhlükəsizlik və enerji kimi mümkün əməkdaşlıq sahələrində əlaqələri davam etdirmək və dərinləşdirmək istəyir. Digər tərəfdən isə Avropa parlamentlərində və ya başqa platformalarda Azərbaycan və Türkiyə ilə bağlı yersiz hesabatlar, sənədlər qəbul olunur. Bu da Avropanın öz problemidir. Azərbaycan isə hər hansı bir qütbün yanında dayanmadan, hansısa geosiyasi layihənin iştirakçısına çevrilmədən öz milli maraqları əsasında siyasət yürüdür. Eyni zamanda Türk dünyasının yeni dünya düzənində güc mərkəzlərindən birinə çevrilməsi istiqamətində də ardıcıl xətt izləyir".
Politoloqun fikrincə, Azərbaycan iqtisadi maraqları, qarşılıqlı milli mənafeləri və regional reallıqları ön plana çıxaran siyasət həyata keçirir:
"Avropa ilə elm, texnologiya, sənaye, struktur islahatları və digər sahələr üzrə əməkdaşlıq mümkündür. Amma burada söhbət bərabərhüquqlu əməkdaşlıqdan gedir. Avropa Azərbaycanın və ümumilikdə Türk dünyasının real rolunu düzgün qavramalıdır. Eyni zamanda ermənipərəst və birtərəfli siyasətdən imtina etməlidir. Bu gün Ermənistanın özü Azərbaycan və Türkiyə ilə normallaşma siyasətini həyata keçirməyə çalışır, sülhə ehtiyac duyur. Bütün bunlar Avropanın Azərbaycan və region siyasətinə yenidən baxmasını zəruri edir. Avropa Cənubi Qafqazda Azərbaycanın regional güc mərkəzi kimi önə çıxmasını nəzərə alaraq siyasət formalaşdırmalıdır".
Aytac Kərimova | EDnews







