Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.
EDnews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Media Şəbəkəsi” tərəfindən hazırlanmış film 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir.
Təqdimatda əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub.
Çıxış edənlər Məzahir Əbilovun Xocalının müdafiəsində göstərdiyi fədakarlıqdan danışıblar. Ekran əsərlərinin qəhrəmanların xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da (sənəddə martın 29-u göstərilib) Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. 1990-cı ildə Vətənə sevgisi və düşmənə nifrəti onu Xocalıya aparıb. Burada milis əməkdaşı kimi fəaliyyətə başlayıb. Silahdaşları ilə birlikdə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib. 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.
Xatırladaq ki, film ilk dəfə fevral ayında Bakıda, Nizami Kino Mərkəzində nümayiş olunub. Filmin ssenari müəllifi Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, rejissoru Roman Yaşardır.









