Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında son illərdə formalaşan strateji əməkdaşlığın növbəti mühüm mərhələsidir. Çünki sabitlik təkcə siyasi razılaşmalarla təmin olunmur. Davamlı sülh insanların təhlükəsiz yaşaya bilməsi, doğma yurdlarına qayıtması, iqtisadi imkanların yaranması və gələcəyə inamın bərpa olunması ilə möhkəmlənir.
EDnews-un məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
O bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə, Orta Dəhlizin inkişafı, yaşıl enerji sahəsində qurulan beynəlxalq tərəfdaşlıqlar, azad edilmiş ərazilərin bərpası və burada yeni yaşayış məntəqələrinin salınması regionda uzunmüddətli sabitliyə, əməkdaşlığa və qarşılıqlı etimada xidmət edir.
Bununla yanaşı, müharibənin ağır mirası olan mina təhlükəsi hələ də minlərlə insanın təhlükəsiz həyatına və geri qayıdış prosesinə ciddi maneə yaradır. Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişlənməsi həm Azərbaycan, həm də bütövlükdə region üçün faydalı nəticələr verə bilər. Beynəlxalq donorlarla çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan vətəndaş cəmiyyəti təşkilatları isə bu fürsətlərə daim hazır olmalı və ölkəmiz üçün maksimum səylə çalışmalıdırlar.
“Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən etibarlı körpü, enerji təhlükəsizliyinin mühüm tərəfdaşı və müxtəlif sivilizasiyalar arasında dialoqu təşviq edən ölkə kimi çıxış edir. Qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər regionumuzun təhlükəsizliyi və rifahı baxımından mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələyə yol açacaq, xüsusilə humanitar əməkdaşlıq, mina təhlükəsinin aradan qaldırılması, yaşıl enerji, dayanıqlı inkişaf və regional sülh istiqamətlərində ortaq təşəbbüslərin genişlənməsinə təkan verəcək”, - deyə Umud Mirəzyev əlavə edib.







