Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərin tikintisi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verə bilər.
EDnews xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.
Paşinyanın sözlərinə görə, “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin açılması kontekstində nəqliyyat bağlantıları ilə yanaşı, enerji sahəsində qarşılıqlı əlaqələrin də genişləndirilməsi vacibdir.
O qeyd edib ki, bu, Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərin, eləcə də birləşdirici enerji infrastrukturlarının qurulmasını əhatə edir.
“Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə bilər”, - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bakıya səfəri zamanı Aİ-nin Cənubi Qafqazda nəqliyyat bağlantılarının inkişafına 200 milyon avro ayıracağını açıqlayıb.







