Haaqada Azərbaycan-Niderland parlamentlərarası əlaqələri müzakirə olunub.
Bu barədə EDnews-a Azərbaycanın Niderlanddakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, ATƏT Parlament Assambleyasının Haaqada keçirilən illik sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və Milli Məclisdə Azərbaycan-Niderland parlamentlərarsı əlaqələr üzrə işçi qrupunun rəhbəri Qaya Məmmədov və heyətin üzvləri - deputatlar Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev Niderland parlamentinin üzvləri ilə müzakirələr aparıb.
Bu xüsusda, ilk olaraq nümayəndə heyətinin rəhbəri Q.Məmmədov Niderland Senatının sədri Mei Li Vos və Nümayəndələr Palatasının sədri Tom van Kampen ilə söhbət edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Niderland Senatının Birinci vitse-prezidenti Boris Ditrixin rəhbərliyi ilə hər iki palatanın xarici əlaqələr daimi komitələrinin üzvləri ilə geniş tərkibdə görüşü keçirilib.
Müzakirələrdə Azərbaycan və Niderland arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyi və nəqliyyat-bağlantılar nöqteyi-nəzərdən əhəmiyyəti, regiondakı vəziyyət, keçmiş münaqişə və hazırkı sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb. Habelə iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlament diplomatiyasının rolu vurğulanıb, iki ölkənin parlamentlərı arasında mütəmadi dialoqun əhəmiyyəti qeyd olunub.
Səfər vaxtı Azərbaycan nümayəndə heyətini salamlayan Haaqa şəhərinin meri Yan van Zanen Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb.












