İtaliyalı mütəxəssis Qulyelmo Arena Nepal millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
EDnews xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, Arenanın istefası FİFA-nın Ümumnnepal Futbol Assosiasiyasının təşkilata üzvlüyünü dayandırmasından sonra baş verib.
Bir neçə ay əvvəl Nepal millisinə baş məşqçi təyin olunan italiyalı mütəxəssis daha əvvəl Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş klublarında çalışıb. Arena bildirib ki, yaranmış vəziyyət diqqətlə qiymətləndirildikdən sonra ANFA ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, FİFA daha əvvəl Nepal millisinin və ölkə klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub. Bununla yanaşı, ANFA FİFA üzvü kimi bütün hüquqlarını itirib. Assosiasiya və onun nümayəndələri FİFA və Asiya Futbol Konfederasiyasının inkişaf proqramları, kursları və təlimlərində iştirak edə bilməyəcəklər.
FİFA-nın baş katibi Mattias Qrafströmün ANFA rəhbəri Kiran Raya ünvanladığı məktubda qərarın Milli İdman Şurası tərəfindən təşkilatın nizamnaməsinin kobud şəkildə pozulması, futbol assosiasiyasındakı seçki prosesi ilə bağlı həll olunmamış mübahisə və üçüncü tərəflərin seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu qeyd edilib.






