“Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın görüşü çox mühüm hadisədir. Çünki Trampın Ukraynaya münasibəti dəyişir. O anlayır ki, Ukrayna müharibədə uduzmur və döyüş meydanında müəyyən uğurlar əldə edib. Tramp qalibləri dəstəkləməyə meyllidir. Buna görə də onun Ukraynaya dəstək verməyə başlaması ehtimalı xeyli artıb”.
Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, xalq deputatı Aleksandr Merejko bunu iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşünü EDnews-a şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, hazırda əsas prioritetlərdən biri Rusiyanın dinc şəhərlərə davam edən hücumları fonunda Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsidir.
“Son dövrlərdə mülki əhaliyə qarşı həyata keçirilən amansız hücumlar fonunda ABŞ və NATO ölkələrinin Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri şəklində hərbi dəstək göstərməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bu, son dərəcə vacibdir”, – deyə Merejko vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya göstərilən hərbi yardım təkcə ölkənin hava məkanının müdafiəsinə deyil, ümumilikdə müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etməlidir.
“Vacibdir ki, Ukraynaya göstərilən hərbi dəstək müdafiəmizin möhkəmlənməsinə töhfə versin. Xüsusilə, Rusiyanın hərbi maşınını təmin edən hərbi və neft obyektlərinə qarşı zərbələrin gücləndirilməsi zəruridir”, – deyə o qeyd edib.
Oleksandr Merejkonun fikrincə, Tramp və Zelenski arasında keçiriləcək görüşün yekununda qəbul edilə biləcək qərarlar ABŞ və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyinin səviyyəsini müəyyənləşdirə, eləcə də yaxın perspektivdə cəbhədəki vəziyyətə təsir göstərə bilər.




.jpg)


