ABŞ-İran gərginliyinin yenidən artması və Hörmüz boğazı ətrafında yaranan təhlükəli vəziyyət Yaxın Şərqdə daha genişmiqyaslı müharibə ehtimalı ilə bağlı sualları gündəmə gətirib.
Mövzu ilə bağlı EDnews-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, hazırkı raket və dron zərbələri hələlik tammiqyaslı müharibə mərhələsinə keçid kimi dəyərləndirilməməlidir.
Onun sözlərinə görə, tərəflər daha çox danışıqlar masasında üstünlük qazanmaq üçün güc nümayiş etdirirlər:
“Düşünmürəm ki, bu qarşılıqlı raket və dron zərbələri müharibə səviyyəsinə çatsın. Burada əsas məqsəd tərəflərin masada üstünlük qazanması üçün güc nümayiş etdirməsidir. Əgər gərginlik daha da artarsa, müəyyən qarşıdurmalardan danışmaq olar. Hörmüz boğazı ətrafında baş verənlər isə regional müharibənin başlanğıcı kimi qəbul edilməməlidir. Regiondakı ərəb ölkələrinin İranla birbaşa müharibə aparmaq üçün yetərli hərbi potensialı yoxdur".
Ramil Məmmədli qeyd edib ki, İran da bu reallığı yaxşı anlayır və məhz buna görə zərbələr əsasən ərəb ölkələrinin öz hərbi obyektlərinə deyil, həmin ölkələrdə yerləşən ABŞ bazalarına yönəlir:
“İran bunu bilir və məhz bu amili əsas götürərək ərəb ölkələrindəki ABŞ-yə məxsus hərbi bazaları hədəfə alır. Küveytin, Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin öz ordularına məxsus hərbi hissələrə raket zərbələri endirilməyib”.
Hərbi ekspertin sözlərinə görə, bu ölkələrin də prosesin dərinləşməsində marağı yoxdur. İran da qarşıdurmanı bütün regiona yaymaq istəmir. Bununla belə, Hörmüz boğazı Tehran üçün strateji əhəmiyyət daşıyır və burada baş verən istənilən gərginlik qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Beləliklə, ekspert hesab edir ki, indiki mərhələdə ABŞ-İran qarşıdurması daha çox güc nümayişi və siyasi təzyiq xarakteri daşıyır. Lakin Hörmüz boğazı amili böhranın daha təhlükəli mərhələyə keçməsi riskini gündəmdə saxlayır.
Aysel Hacıyeva | EDnews







